Elşad Əhmədov: "Bəzi nəticələrimiz klub rəhbərliyini qane edə bilməz" MÜSAHİBƏ

Elşad Əhmədov: "Bəzi nəticələrimiz klub rəhbərliyini qane edə bilməz" MÜSAHİBƏ

"Neftçi" PFK-nın əvəzedicilərdən ibarət komandası ikinci dövrəyə hazırlığın ilk mərhələsini yekunlaşdırıb. Siasport.az saytının məlumatına görə, komandanın məşqçisi Elşad Əhmədov hazırlıqla bağlı müsahibə verib:

- Elşad müəllim, əvəzedicilərin 2-ci dövrəyə hazırlığı necə gedir?

- Hazırlıq 2 mərhələdə nəzərdə tutulub. İlk 10 gün ərzində futbolçuların fiziki hazırlığı üzərində işlədik. Səhər məşqlərimiz dəniz kənarında, axşam məşqləri isə futbol meydançasında keçirilirdi. Bu müddət ərzində iki yoxlama oyunumuz da baş tutub. Hazırlıq üçün yaradılmış şərait yüksək səviyyədədir. Buna görə başda klub prezidenti Sadıq Sadıqov olmaqla, bütün komanda rəhbərliyinə təşəkkürümü bildirəm. Əminliklə deyirəm ki, hətta yüksək liqada çıxış edən bəzi klublara təlim-məşq toplanışı keçirmək üçün belə şərait yaradılmır. Təlim-məşq toplanışın ikinci mərhələsi isə yanvar ayının 23-də start götürəcək. Bu mərhələ əsasən taktiki və texniki tapşırıqlara həsr olunacaq.

- Təlim-məşq toplanışına yeni futbolçular dəvət olunubmu?

- Bəli, aşağı yaş qruplarından, əsasən U-16 və U-17 komandalarımızdan perspektivli futbolçuları təlim-məşq toplanışına cəlb etmişik. Ümidləri doğrultduqları təqdirdə, onlarla müqavilə imzalanacaq.

- Tam əminlikə deyə bilərik ki, bir neçə il sonra "Neftçi"nin əsas heyətində yeni adlar görə biləcəyik?

- Heyətimizdə böyük ümidlər vəd edən gənc futbolçular var. Ömər Mahmudzadə və Aqşin Qurbanlı kimilərinin adını çəkə bilərəm, amma onlar da yaşlarının az olmasına baxmayaraq, məsuliyyəti dərk etməli, daha çox çalışmalıdırlar.

- Bu il əvəzedicilərin əsas hədəfi nədir? Çempionluq, yoxsa...

- Təbii ki, ilk dövrədəki bəzi nəticələrimiz klub rəhbərliyini və biz məşqçiləri qane edə bilməz. Əvəzində Fəhmin Muradbəyli və Məqsəd İsayev kimi gənc futbolçuların əsas heyətin Türkiyədəki təlim-məşq toplanışına cəlb olunması bizi sevindirir. Bundan əlavə, əvəzedici heyətin 7-8 futbolçusu icarə əsasında digər klublara transfer olunublar. Bu mövsüm əsasən diqqətimizi aşağı yaş qruplardan əvəzedici heyətə futbolçuların cəlb olunmasına yönəltmişik. Çünki məqsədimiz əsas heyətə layiqli futbolçuların yetişdirilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə