İdmançılarımız donmuş şəlalələrə dırmanırlar

İdmançılarımız donmuş şəlalələrə dırmanırlar

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə keçirdiyi 2 turdan ibarət Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatının I mərhələsinə start verilib. Siasport.az saytının məlumatına görə, Qusarın Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçirilən çempionatın təsnifat-seçim mərhələsi 2 gün davam edəcək. Qusarın ən hündür dağ kəndlərindən olan Ləzədə təşkil olunmuş yarışda iştirak edən idmançıların sayı 100-dən artıqdır. Bu say tərkibi idmançılarımızın buzadırmanma idman növünə olan potensialının göstəricisidir. Şaxtalı hava şəraitinə baxmayaraq, idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün birinci yer uğrunda iradə, qətiyyət, məharət və ustalıq nümayiş etdirirlər. Onların arasında təsnifat-seçim mərhələsini uğurla keçərək final - çətinlik və sürət mərhələsinə vəsiqə qazanmaq uğrunda qızğın mübarizə gedir. Qeyd edək ki, Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatının final mərhələsi 26-27 yanvar 2013-cü il tarixlərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə