AFFA Böyükağa Hacıyevin cavabını verdi

AFFA Böyükağa Hacıyevin cavabını verdi

"Milli komandada heyəti Berti Foqts müəyyənləşdirir. AFFA rəhbərliyi nəinki almaniyalı mütəxəssisə, bütün yığmaların baş məşqçilərinə sərbəstlik verib". Siasport.az saytının məlumatına görə, fu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu deyib.
Antalyada təlim-məşq toplanışında olan "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev Berti Foqtsa etirazını bildirib. Yığmanın heyətinin almaniyalı mütəxəssis tərəfindən müəyyənləşmədiyini vurğulayan Hacıyevin fikrincə, assosiasiyada "ağ-qaralar"ın uğurlarına qısqanırlar.
Hacıyevin fikirlərini absurd sayan Nərimanoğlu isə bildirib ki, milli komandalarda baş məşqçilərin seçiminə hansısa müdaxilə edilmir: "Əvvəla, bütün yığmaların baş məşqçiləri heyətə çağırılacaq futbolçuların siyahısını özləri hazırlayırlar. İkincisi, "Neftçi"nin uğuruna ən çox sevinən təşkilat AFFA-dır. Baş məşqçisi Böyükağa Hacıyevə hörmətimiz var. Amma unutmayaq ki, AFFA "Neftçi"nin qrup mərhələsində evdə keçirdiyi hər 3 oyunda təşkilatçılıq işlərində yardımçı oldu".
Departament rəisi "Neftçi"nin gənc futbolçularının əsas yığmadan kənarda qalmağına da münasibət bildirib: "Cavid İmamverdiyev millinin Dubay toplanışına çağırılıb. Sadəcə, əsas yox, ehtiyat heyətdə yer alıb. 21 yaşlılardan ibarət yığmamız da qış fasiləsində xaricdə təlim-məşq toplanışında olacaq. Antalyaya gedəcək U-21-in də yoxlama oyunları var. Bu 2 komandanın təlim-məşq toplanışı eyni vaxta düşəndə, baş məşqçilər heyətlə bağlı məsləhətləşirlər. Buna əsasən "Neftçi"dən Tərlan Quliyev, Elvin Yunuszadə, həmçinin Mirhüseyn Seyidov, Araz Abdullayev 21 yaşlıların toplanışına çağırılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə