"Xəzər Lənkəran" Futbol Klubunun gənclər inkişaf proqramının rəhbəri vəzifəsinə İlhan Akgül təyin olunub. Siasport.az saytının məlumatına görə, bu gün klubun ofisində türkiyəli mütəxəssislə 2 illik müqavilə imzalanıb. İlhan Akgül klubun aşağı yaş qruplarına nəzarət edəcək.
41 yaşlı mütəxəssis "Xəzər Lənkəran" camiəsinə yaxşı tanışdır. O, vaxtilə bu klubda idman direktoru vəzifəsində çalışan Cüneyt Biçer tərəfindən digər türk məşqçilərlə birlikdə "Xəzər Lənkəran"a dəvət olunub və bir il ərzində aşağı yaş qruplarını çalışdırıb.
Cüneyt Biçer kimi İlhan Akgül də vaxtilə futbolçu həyatı yaşayıb. O, 19 il Türkiyənin müxtəlif liqalarında çıxış edən komandalarda 500 oyun keçirib, o cümlədən 7 il Superliqa təmsilçisi olmuş "Altay" klubunun şərəfini qoruyub.
İlhan Akgül məşqçi qismində artıq 6 ildir ki çalışır. O, UEFA-nın A kateqoriyalı məşqçilik lisenziyasına malikdir. Mütəxəssis Türkiyə millisində aşağı yaş qrupları üzrə koordinator və məşqçi köməkçisi vəzifələrində çalışıb.
Açıqlama verən İ.Akgül "Xəzər Lənkəran"da gələcək fəaliyyətinin uğurlu olacağına əminliyini bildirib: "Azərbaycan futbolu və "Xəzər Lənkəran" mənə yaxşı tanışdır çünki mən 1 il burada çalışmışam. Bu amil mənim daha yaxşı nəticə göstərməyimə əlavə töhvə verəcək. Aşağı yaş qruplarına yüzlərlə uşaqlar gəlir və onlardan yalnız bir neçəsi yaxşı futbolçu kimi yetişir. Belə oyunçuları düzgün seçmək çox vacibdir. Biz çalışacağıq ki, futbolçular tək fiziki baxımdan yox, həm də insani və təhsil baxımından da inkişaf etsinlər. Bu məqsədlə bizim 2 növ məşqlərimiz olacaq: 1-ci futbolçuların problemsiz daha yuxarı yaş qruplarına keçməsi və uyğunlaşması üçün onların fiziki baxımdan təkmilləşdirilməsi, 2-ci fərdi xarakterin formalaşması, futbolçuların reaksiyasının, taktika və koordinasiyaya uyğunlaşmasının təmin edilməsi. Bu tədbirlər nəticəsində biz bacarıqlı futbolçuların yetişməsinə nail olacağıq, futbolçu qabiliyyəti olmayanlar isə Azərbaycan üçün yaxşı xarakterə və insani keyfiyyətlərə malik vətəndaş olacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB