"Bakı" da gedir

Qış fasiləsindən sonra bir araya gələn "Bakı" klubu təlim-məşq bazasında ilk məşqinə çıxıb. Siasport.az saytının məlumatına görə, baş məşqçi Bojidar Bandoviçin rəhbərliyi altında meydana çıxan futbolçular qızınma hərəkətlərinin ardınca yüngül təmrinlər yerinə yetiriblər.
İlin ilk məşqi yüksək əhval-ruhiyyə ilə müşayət olunub. Viza məsələsində problem yaşanan və bu səbəbdən toplanış gününə qədər ölkəmizə gələ bilməyən Edemir Rodrigez və son çempionat oyununda zədələnərək xəstəxanaya yerləşdirilən Edin Nuredineski məşqə qatılmayanlar arasında olublar. Makedoniyalı qapıçının düşərgəyə 2 gün sonra gələcəyi gözlənilir.
Məruz qaldığı cərrahiyyə əməliyyatından sonra bərpa dövrü keçən Uinston Parks komandaya fevralın əvvəllərində qoşulacaq.
Komandanın heyətinə cəlb olunan Aqil Nəbiyev bugünkü məşqə "Bakı" forması ilə çıxıb.
5 gün ərzində məşqlərini təlim-məşq bazasında keçirəcək komanda bunun ardından qış hazırlığını Türkiyədə davam etdirəcək. "Bakı" yanvarın 14-də Antalyaya yola düşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə