Daha 2 futbolçu AZAL-dan getdi

Bakının AZAL klubu daha 2 futbolçu - Rəhman Musayev və Səbuhi Həsənovla yollarını ayırıb. Siasport.az saytının məlumatına görə, hər iki futbolçu əsas heyətə düşə bilmədiklərindən baş məşqçi Vaqif Sadıqova müraciət edərək özlərinə yeni komanda tapmağa icazə istəyiblər. Klub rəhbərliyi də onların karyeralarını nəzərə alaraq müqaviləyə xitam verib. Nəticədə R.Musayev və S.Həsənov yeni komanda tapacaqları halda, oraya sərbəst oyunçu kimi keçə biləcəklər.
AZAL həmçinin, mövsümün əvvəlində transfer etdiyi Arif İsayevlə də müqaviləni qarşılıqlı şəkildə pozub. Bu addım isə yığmamızın sabiq yarımmüdafiəçisinin Türkiyənin "Dənizlispor" klubundan təklif alması və karyerasını ölkə xaricində davam etdirmək istəyi ilə bağlıdır.
Qeyd edək ki, Bakı təmsilçisi daha əvvəl Aqil Nəbiyev, Yasin Abbasov və Artur Patraşı da heyətindən kənarlaşdırmışdı. AZAL-ın hələlik yeganə transferi isə Ruslan Zubkovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə