Bəhmən Həsənov: "Nə özü işlədi, nə də bizi işləməyə qoydu" MÜSAHİBƏ

Siasport.az saytı "Rəvan"ın sabiq baş məşqçisi Bəhmən Həsənovun müsahibəsini təqdim edir:

- A kateqoriyalı məşqçi kursları başlananda müvəqqəti olaraq, "Rəvan"dan ayrıldığınızı demişdiniz. Amma bizdə olan məlumata görə, bu ayrılıq müvəqqəti deyil…
- Bəli, deyəsən, müvəqqəti gedişə oxşamır. Sabiq baş məşqçi Kemal Alispahiç nə özü işlədi, nə də bizi işləməyə qoydu. Hər şeyi bərbad elədi.

- Onunla probleminiz nə idi?
- Fikirlərimiz üst-üstə düşmürdü.

- Konkret olaraq, hansı məsələlərdə?
- Mən Nemanya Vidakoviçin yarımmüdafiənin sağ və sol kənarında oynamasını istəmirdim. Çünki Nemanya sırf hücumçudur. Onun yarımmüdafiədə çıxış etməsi hücumçu keyfiyyətlərinin ölməsinə səbəb olurdu. Nemanya məhv oldu. Mən onun əvəzinə Tural Cəlilovun daha effektli olacağını düşünürdüm. Torresdən də düzgün istifadə etmirdi. Torres sırf pleymeyker mövqeyində bacarıqlıdır. Başqa məqamları açıqlamaq istəmirəm.

- Oyunlara pul qoyuluşu ilə bağlı olan məqamları?
- Mənim bu tip işlərlə əlaqəm yoxdur. Heç bir açıqlama vermək istəmirəm. Sədacə olaraq, Alispahiç çox qorxaq bir məşqçidi. Bu "Xəzər Lənkəran"dı ondan qorxaq, bu "Neftçi"di ondan çəkinək deyirdi. Axı olmaz. Alispahiç niyə gəldiyini bilməli idi. O kiminsə gücünü ölçməyə gəlməmişdi. "Rəvan"a kömək etməli idi. Bacarığı bu oldu.

- Amma bundan öncə münasibətiniz pis deyildi. Hər halda, bir neçə dəfə demisiniz ki, "Muğan"da çalışanda gözəl münasibətləriniz olub və indi də davam edir. Bəs nə baş verdi?
- Cavad Gülərin baş məşqçi postundan gedişindən sonra Alispahiçin gəlişinə etiraz eləməyənlərdən biri mən olmuşam. Onun gəlişini istədim. Biz mütəmadi əlaqə saxlayırdıq. Hətta biz Sloveniyada olanda gəlib bizim oyuna da baxdı. Hətta vitse-prezidentimiz Bəhruz Şirəliyevə demişdi ki, sizə daha məşqçi lazım deyil. Öz məşqçiniz var. Bura gələndən sonra mənim səviyyəmin yüksəldiyini gördü. Onun bəzi qərarlarına etiraz edirim. Alispahiç isə bunu qəbul etmirdi. Deyirdi ki, baş məşqçi olanda bunları edərsən. Öz bildiyin elədi və əksər oyunlarda uduzdu.

- Bundan sonra hansı işlə məşğul olacaqsınız?
- Yaxın vaxtlarda biləcəksiniz. Yəqin ki, işləyəcəyəm.

Futbol11.az

Bütün xəbərlər Facebook səhifəmizdə