2012-ci il başlayanda "Simurq" fasiləyə 19 xalla yollanmışdı. Siasport.az saytının məlumatına görə, komandanın az da olsa ilk "altılığ"a düşmək üçün şansları var idi və "sarı-qaralar" bu istəyinə nail olmaq üçün "Qəbələ", "Bakı", "Qarabağ" və "Kəpəz"lə görüşlərdə maksimum nəticə göstərməli idi. Ancaq fasilədə Antalyada yüksək səviyyədə təlim-məşq toplanışı keçən Zaqatala təmsilçisi bunun öhdəsində gələ bilmədi və baş məşqçi Sergey Yuran vəzifəsindən uzaqlaşdırılaraq, onun yerinə Georgi Çixradzde gətirildi.
Gürcü mütəxəssisin qarşısına isə ilk iş kimi komandanı Premyer Liqada saxlamaq və növbəti ilə hazırlıqları başlamaq qoyuldu. 2011/12-ci il mövsümünü "Simurq" 34 xalla 9-cu pillədə tamamladı.
Qısa istirahətdən sonra gərgin iş rejiminə start verildi. İlkin hədəf kimi isə məşqçilər korpusunun qarşısına 2012/13 mövsümündə ilk altılığa düşmək qoyuldu. Komanda yenidən kompleksləşdirilməyə başlanıldı. Bir çox futbolçu heyətdən uzaqlaşdırıldı və yeni simalar dəvət olundu. Dörd mərhələdən ibarət təlim-məşq toplanışları keçirildi. Burada 25 nəfər legioner oyunçu baxışa dəvət olundu və onlardan səkkizi ilə rəsmi müqavilə bağlandı.
Mövsümün startı və nəticə
2012/13-cü il mövsümünün startına avqustun 4-də verildi. "Simurq" ilk oyununu doğma arenada "Qəbələ"yə qarşı keçirdi və meydandan 1 xalla ayrıldı. Artıq bu nəticə gələcəyin çarcısı idi. "Sarı-qaralar" IX tura qədər məğlub olmadan yoluna davam etdi və xalları üst-üstə toplayaraq zirvədə yerini möhkəmlətdi. 18 həftənin ardından Zaqatala təmsilçisi ötən ilki ümumi nəticəyə bərabər göstərici ilə fasiləyə yollandı. Hazırda "sarı-qaralar" 9 qələbə, 6 heç-heçə sayəsində 33 xalla turnir cədvəlində liderdən minimal fərqlə geri qalır. Artıq demək olar ki, "Simurq" ilk "altılıq"dadı. Ancaq bu hələ son deyil. Çünki fasilədən sonra II mərhələnində başa çatması üçün 4 oyun qalıb. Komanda bu qarşılaşmalarda da maksimal nəticə toplayaraq artıq medallar uğrunda mübarizəyə start verəcək. Çünki növbəti qarşıya qoyulan hədəf budu.
Vurulan və buraxılan qollar
Cari mövsümdə "Simurq" top fərqinə görə də rəqiblərindən geri qalmır. Turnir cədvəlinə diqqət etsək komandanın hesabında 23 top var. Onlardan üçü XVIII turda rəqibin legioner limitini pozduğuna görə Zaqatala təmsilçisinin hesabına yazılsa da, yerdə qalan qolları futbolçuların aktivindədi.
Geridə qalan oyunlar içərisində komandanın ən böyük hesablı qələbəsi "Turan"la matçda qeydə alınıb. Bu qarşılaşmada Zdravko Popoviçin dublu və Bario Boziçin gözəl qolu sayəsində "Simurq" 3:0 hesablı qələbə qazanıb.
Ən çox qol vuran futbolçu da elə "Super Mario"du. III turdan "sarı-qaralı" forma ilə mübarizəyə qoşulan Bojiç artıq 5 dəfə fərqlənə bilib. Yerdə qalan topları isə Stepan Polyak (4), Marçin Burhard (4), Zdravko Popoviç (3), Murad Səttarlı (2), İlkin Qırtımov (1) və Ruslan Poladov (1) vurub. Qeyd edək ki, son oyunun nəticəsinin ləğv olunduğundan Zdravko Popoviçin "Rəvan"ın qapısından keçirtdiyi qol onun hesabından silinib.
Buraxılan toplara gəldikdə isə "Simurq" hələ ki, qapısında 11 dəfə qol görüb. Onlardan biri ilk turda görəv alan Dmitri Kramarenkonun, yerdə qalanları isə komandanın əsas qapıçısı David Piterzkeiviçin hesabındadı. Polşalı əlcək ustası bu toplardan yalnız birini XI turda "Neftçi" ilə oyunda penaltidən buraxıb.
Sarı və qırmızı vərəqələr
Geridə qalan 18 turda "Simurq"un oyunlarını idarə edən hakimlər komandanın üzvlərinə ümumilkdə 54 sarı, 4 qırmızı vərəqə göstərib. Ən çox cəzaya məruz qalan isə kapitan Rasim Ramaldanov olub. Mərkəz müdafiəçisinə hakimlər 8 dəfə sarı, 1 dəfə isə qırmızı vərəqə göstəriblər. Bununda nəticəsində Rasim 3 oyunda cəza səbəbindən forma geyinə bilməyib. Ondan sonra isə Mario Boziç gəlir. Serbiyalı legioner meydandan qovulmasa da, 7 dəfə hakimlərin sarı vərəqəsi ilə tanış olub.
Ən intizamlı futbolçu isə Marçin Burharddı. 18 turda 1076 dəqiqə meydanda olan polşalı futbolçuya görə hakimlər heç bir oyunda əllərini ciblərinə atmayıb.
Kim daha çox
Baş məşqçi Georgi Çixradze cari mövsümdə 22 futbolçuya forma şansı verib. Vaxt və oyun baxımından ən çox meydanda olan futbolçu Aleksandr Şemonayevdi. Yalnız XIII turda cəza səbəbəbindən forma şansı verilməyən Saşa, qalan qarşılaşmaların hamısında iştirak edib.
Ondan sonra isə David Piterzkeiviç gəlir. Polşalı əlcək sahibi I və XVIII turlarda komandaya kömək edə bilməyib. Ən az meydanda olan isə Rüstəm Abbasovdu. Gənc müdafiəçi mövsümün açılış matçının 13-cü dəqiqəsində ciddi zədə alaraq əvəzlənmişdi.
XVIII tura 32200 manat…
"Simurq" geridə qalan XVIII tur çərçivəsində ən çox cəza alan komandalardan biridi. Zaqatala təmsilçisi ümumilikdə AFFA-nın Nizam-İntizam Komitəsi tərəfindən 32200 manat cərimələnib. Bu məbləğin 8000 manatı azərkeşlərin oyun zamanı meydançaya kənar əşya atdığına, 12200 manatı futbolçuların qırmızı vərəqə aldığına, 5000 manatı isə bir oyunda komandanın oyunçularına dörd sarı vərəqə göstərildiyinə görə tətbiq olunub. Yerdə qalan məbləğin 5000 manatı klubun menecerinə və 2000 manatı isə tibb maşının stadiona gec gəldiyinə görə "Simurq" cərimə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB