AGF ilin yekunlarına həsr olunmuş tədbir keçirdi

AGF ilin yekunlarına həsr olunmuş tədbir keçirdi

Azərbaycan Güləş Federasiyası (AGF) ilin yekunlarına həsr olunmuş tədbir keçirib. Siasport.az saytının məlumatına görə, tədbirdə çıxış edən AGF-nin vitse-prezidenti Namiq Əliyev Azərbaycanda güləşin tarixən geniş yayılan qədim idman növlərindən biri olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana diqqət və qayğısının məntiqi nəticəsi olaraq son illər ölkəmizin paytaxtı Bakı şəhəri dünyanın idman mərkəzlərindən birinə çevrilib. Yarışlar ölkəmizdə yüksək səviyyədə təşkil olunur, turnirlər ədalətli idman mübarizəsi şəraitində keçir və qonaqlarımız ölkəmizdən xoş təəssüratla ayrılırlar.
Vitse-prezident vurğulayıb ki, dövlətimizin başçısı tərəfindən 2012-ci ilin Azərbaycanda "İdman ili" elan edilməsi bu sahənin inkişafına yeni bir təkan verib. London Olimpiadasında milli komandamız 10 medal qazanıb ki, bunlardan da 7-si güləşçilərimizin payına düşür. Cari ildə güləşçilərimiz beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil ediblər.
Sonra ilin ən yaxşıları - Olimpiya çempionu, sərbəst güləşçi Toğrul Əsgərov, London Olimpiadasının bürünc mükafatçısı, yunan-Roma güləşçisi Emin Əhmədov, qadın güləşçi Yuliya Ratkeviç, sərbəst güləş üzrə Azərbaycan millisinin məşqçisi Firdovsi Umudov, Olimpiya dərəcəli hakim Hicran Şərifov mükafatlandırılıblar. London Olimpiadasının bürünc mükafatçısı Xetaq Qazyumova isə AGF tərəfindən avtomobil hədiyyə edilib.
Tədbir konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə