“İdman” qəzetinin 80 illiyi qeyd olunub

“İdman” qəzetinin 80 illiyi qeyd olunub

Bakı Əyləncə Mərkəzində Gənclər və İdman Nazirliyinin orqanı olan "İdman" qəzetinin yaranmasının 80 illiyi münasibətilə tədbir keçirilib. Siasport.az saytının məlumatına görə, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, idmançılarımızın Olimpiya oyunlarında qazandıqları uğurlardan danışıb.
Nazir bildirib ki, bu uğurların cəmiyyətə çatdırılmasında "İdman" qəzetinin müstəsna xidmətləri olub. Qəzet bu gün də öz ənənələrini layiqincə davam etdirir. Hazırda ölkəmizdə 10-dan çox idman nəşri fəaliyyət göstərsə də, onların arasında yeganə rəsmi qəzet olan "İdman" öz missiyasına görə fərqlənir. Dövlətin idman siyasətini işıqlandırmaqla bərabər, idmanın və bədən tərbiyəsinin genişlənməsini, onun inkişafını təbliğ edən bu qəzet üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gəlir.
Yubiley mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ölkəmizdə Olimpiya hərəkatının geniş vüsət aldığını, yeni olimpiya komplekslərinin istifadəyə verildiyini və idman infrastrukturunun gündən-günə yeniləndiyini diqqətə çatdırıb. O, xüsusi vurğulayıb ki, bütün bu nailiyyətlər Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana böyük diqqət və qayğı ilə yanaşmasının nəticəsidir.
Ə.Həsənov deyib ki, "İdman" qəzetinin Azərbaycan mətbuat aləmində özünəməxsus yeri var. Bir vaxtlar respublikamızda yeganə idman nəşri olmuş bu qəzet on minlərlə oxucusunun informasiya tələbatını ödəməklə bərabər, ölkədə bədən tərbiyəsinin kütləvilik qazanmasında da mühüm rol oynayıb. Ona görə də "İdman" qəzetində çalışmış qələm sahibləri, təkcə jurnalist kimi deyil, həm də idman mütəxəssisi olaraq bədən tərbiyəsi və idman sahəsinin inkişafında, təbliğində xidmət göstəriblər.
Azərbaycan Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Çingiz Hüseynzadə qəzetin ötən müddətdə fəaliyyətinə nəzər salıb, nəşrin respublikada Olimpiya hərəkatının inkişafında və idmanın təbliğində rolunu qeyd edib.
Digər çıxış edənlər də qəzetin yaradıcı kollektivinin fəaliyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, qəzet Azərbaycanda idmanın, Olimpiya hərəkatının təbliği ilə yanaşı, ölkədə idman jurnalistikasının formalaşmasında da mühüm rol oynayıb.
Sonra vaxtilə "İdman" qəzetində çalışmış jurnalistlər fəxri fərmanlarla təltif olunublar.
Tədbir konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə