Bu gün "Sərhədçi" Olimpiya İdman Mərkəzində böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının təntənəli açılış mərasimi keçirilib. Siasport.az saytının məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov son illər ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini vurğulayıb. O bildirib ki, Azərbaycanda bir çox idman növləri sürətlə inkişaf edir və sevindirici haldır ki, bu sırada güləş xüsusi yer tutur. "Yüksək nəticələrin davamı kimi idmançılarımız bu il XXX London Yay Olimpiya Oyunlarında böyük uğurlar qazanıblar. Mötəbər yarışda qazanılan 10 medaldan 7-si məhz güləşçilərimizin payına düşür", -deyə vitse-prezident əlavə edib.
E.Cəfərov qeyd edib ki, ölkəmizdə güləş tarixən geniş yayılan qədim idman növlərindən biri olub. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısının dəfələrlə artırılması sayəsində güləşçilərimiz beynəlxalq yarışlarda daha yüksək nəticələr əldə etməyə başlayıblar. "Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının məntiqi nəticəsi olaraq son illər ölkəmizin paytaxtı Bakı şəhəri dünyanın idman mərkəzlərindən birinə çevrilib", -deyən E.Cəfərov bütün idmançllara uğurlar arzulayıb.
Çempionat açıq elan edildikdən sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB