"Bakı" futbol klubunun həftəlik fəaliyyəti

"Bakı" futbol klubunun həftəlik fəaliyyəti

"Bakı" futbol klubunun mətbuat xidməti komandanın həftəlik fəaliyyətini əks etdirən açıqlama yayıb. Siasport.az saytının məlumatına görə, 10-16 dekabr 2012-ci il tarixlərində yaşanan hadisələri özündə əks etdirən açıqlamada A komanda, əvəzedicilər, uşaq komandalarının nəticələri, baza xəbərləri, tibbi hesabatlar və sosial yönümlü layihələrin gedişi yer alır. Açıqlamanı olduğu kimi nəzərinizə çatdırırıq:

"Hesabat dövründə 9 komandamız 9 oyun keçirib. 5 komandamız həftəni qələbə ilə başa vurub, 2 komandamız xalları bölüb və 2 komandamız məğlub olub.

U-17: 10 dekabr 2012-ci il tarixində Azercell U17 Liqasının IX turunda "Kəpəz"in qonağı olan komandamız səfər oyunundan qələbə ilə ayrılıb 1:0. Ardıcıl 4-cü qələbəsini qazanan U-17 komandamız 18 xalla turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.

U-15: 11 dekabr 2012-ci il tarixində Kapital Bank U-15 Liqasının IX turunda "Neftçi"nin qonağı olan komandamız səfər oyunundan heç-heçə ilə ayrılıb 1:1. Qeyd edək ki, komandamız 18 xalla B qrupunun vahid lideridir.

U-16: 13 dekabr 2012-ci il tarixində U-16 Liqasının IX turunda "Neftçi"nin qonağı olan komandamız səfər oyunundan məğlubiyyətlə ayrılıb 0:2. Komandamız 16 xalla ikinci pillədə qərarlaşıb.

U-13: 15 dekabr 2012-ci il tarixində Coca Cola U-13 Liqasının Paytaxt regionunda mübarizə aparan U-13 IX turda "Qarabağ"la qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub. "Bakı" U-13 9 oyundan sonra 22 xalla çempionatın vahid lideridir.

U-11: 15 dekabr 2012-ci il tarixində U-11 Liqasının IX turunda "Neftçi" ilə səfərdə oynayan "Bakı" 3:0 hesabı ilə qələbə qazanaraq, liderliyini davam etdirir. U-11 komandamız 7 oyunda topladığı 19 xalla ilk pillədə qərar tutur.

U-14: Bu həftə U-14 komandamızın rəqibi "Vətən" olub. 16 dekabr tarixində U-14 Liqasının IX turunda "Vətən"lə oynayan "Bakı" böyükhesablı qələbəni aktivinə yazıb 4:0. 5-ci qləbəsini rəsmiləşdirən U-14 16 xalla 3-cü pilləyə yüksəlib.

Əvəzedicilər: 14 dekabr 2012-ci il tarixində əvəzedici komandamız evdə "Qarabağ"la qarşılaşıb. Əvəzedicilərimiz 1:0 hesabı ilə inamlı qələbə qazanıblar. 17 turdan sonra aktivində 43 xal olan "Bakı" əvəzediciləri ən yaxın rəqibini - "Simurq"u 8 xal geridə qoyur.

Əsas komanda: 15 dekabr 2012-ci il tarixində "Bakı" Azərbaycan Topaz Premyer Liqasının XVII turunda evdə "Qarabağla" qarşılaşıb. Oyun 0:0 hesablı heç-heçə ilə nəticələnib.

Sosial: 12 dekabr Azərbaycan xalqının Ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfatının ildönümü günü "Bakı" futbol klubunun kollektivi tədbirlər planına uyğun olaraq Dahi Rəhbərin məzarını ziyarət edib.

"Bakı" futbol klubunun üzvləri, futbol akademiyasının müdavimləri və texniki personalın nümayəndələri dahi rəhbərin klub bazasında inşa olunmuş abidə kompleksinin önünə tər çiçək dəstələri qoyulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə