Elxan Məmmədov: “BOK Azərbaycanda olan infrastruktura və təcrübəyə inanır” MÜSAHİBƏ
AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə müsahibə verib. Siasport.az saytı həmin müsahibəni nəzərinizə çatdırır:
- Elxan müəllim, 2012-ci il Azərbaycan futbolçu üçün necə keçdi?
- 2012-ci il Azərbaycan futbolu üçün uğurlu olub. Bu il ölkəmizdə 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya çempionatı keçirilib. Bütün dünyada Azərbaycanda keçirilən dünya çempionatı nümunə kimi göstərilir.
Neftçinin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması və ölkəmizi layiqincə təmsil etməsi də çox böyük nailiyyətdir. Bu, Azərbaycan Premyer Liqasının güclü olduğunu göstərir. İki il öncə "Qarabağ" klubu qarşımıza bir hədəf qoymuşdu. Bu il isə "Neftçi" qarşımıza yeni hədəf qoydu. İnanıram ki, növbəti illərdə digər klublarımız daha parlaq nəticələr göstərəcəklər. Milli komandamız seçmə mərhələdə 4 oyun keçirdi, bir matçı evdə, 3 qarşılaşmanı səfərdə oynadı. İsrailə qarşı oyundan sonra təhlil aparandıq, əminliklə deyə bilərik ki, biz 2 xal itirdik. Buna baxmayaraq, 1:1 hesabı da normaldır. Növbəti matçı Portuqaliyaya qarşı oynadıq. Bu, çətin bir qarşılaşma idi. Rusiya ilə oyunda da xal itirdik. İlin sonunda isə millimiz Şimali İrlandiyaya qarşı inamlı oyun göstərdi.
- AFFA Berti Foqts barədə nə qərar verəcək?
- Berti Foqtsla müqavilə növbəti ilin sonuna qədər imzalanıb. Ona görə bu məsələyə o zaman baxılacaq.
- Milli komandanın qapıçısı Papoviç idmançıya yaraşmayan hərkətlərə (siqaret çəkmək və spirtli içkilər qəbul etmək) görə "Turan" klubundan qovulub. Bu barədə AFFA hansı addımlar atacaq?
- Milli komandanın baş məşqçisi dəfələrlə bu barədə Papoviçlə müzakirələr edib. Bu problemi biz bilirik. İki gün öncə "Turan"ın rəhbərliyi ilə görüşdüm və xahiş etdim ki, Papoviçi yenidən komandaya dəvət etsinlər, ona yenidən şans versinlər. Unutmayaq ki, Papoviç milli komandanın 4 ildir ki, qapıçısıdır. Biz onu itirmək istəməzdik, amma məsuliyyət onun üzərinə düşür. O başa düşməlidir ki, milli komandada və klubda intizam olmalıdır. Bildiyimə görə, "Turan" rəhbərliyi hələ ki, onunla görüşməyib, amma artıq görüş üçün dəvət olunub.
- Papoviç millidən qovularsa, alternativ varmı?
- Alternativ hər zaman var. Şimali İrlandiya ilə oyun da bunu göstərdi.
- Azərbaycanda "Ayaks" futbol akademiyasının açılması planlaşdırılırdı…
- "Ayks" klubu ilə danışıqlar gedir. Azərbaycanda beynəlxalq təcrübəni tətbiq etməyin vaxtı çatıb. Həmçinin "Everton" futbol klubu ilə də danışıqlar gedir. Hesab edirəm ki, növbəti aylarda müsbət cavablar olacaq.
- 2015-ci ildə Azərbaycanda Avropa Olimpiya Oyunlarının keçirilməsi barədə fikirlərini bilmək istərdik.
- Azərbaycanda Avropa Olimpiya Oyunlarının keçirilməsi barədə qərar çox böyük uğurdur. Bu göstərdi ki, Beynəlxalq Olimpiya Komitəsi Azərbaycanda olan infrastruktura və təcrübəyə inanır. Ölkəmiz bu oyunlara tam hazırdır və əminəm ki, yarışları layiqincə keçircəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB