Braziliyanın "Flamenqo" futbol klubunun rəhbərliyi təqvim ili ərzində vurulmuş qolların sayına görə "Barselona" oyunçusu Lionel Messinin müəyyən etdiyi rekorda etiraz etmək niyyətindədir. Messi "Kordova" ilə İspaniya kuboku uğrunda oyunda (2:0) 2012-ci il ərzində qapıya 87-ci və 88-ci topunu vurub. Bu yaxınlarda isə argentinalı "Bavariya" komandasında çıxış etmiş və 1972-ci ildə 85 qol vurmuş alman Gerd Müllerə məxsus rekordu təzələyib.
Braziliya komandasında təsdiq edirlər ki, 1979-cu ildə o vaxt "Flamenqo"nun oyunçusu və eyni zamanda Braziliya yığmasının kapitanı olmuş Ziko qapıya 89 top vurub.
Xarici KİV-lərin verdiyi xəbərə görə, "Flamenqo"nun Tarix və statistika şöbəsinin başçısı Bruno Lutsena deyib: "Biz təəssüf edirik. Axı Messi hələ rekordu keçməmişdir".
O qeyd edib ki, 81 qolu Ziko klubun, yeddi topu yığma komandanın oyunçusu kimi, daha bir topu isə dünya yığmasının hücumçusu kimi yoldaşlıq görüşündə vurub.
Qeyd edək ki, bu ərəfədə Messinin rekordunu Afrikada da şübhə altına alıblar. Oranın da öz misli görünməmiş qoleadoru tapılıb. Sən demə bu, Zambiya yığmasının keçmiş baş məşqçisi – avtomobil qəzasında həlak olmuş Qodfri Çitalu olub. Onun 1972-ci il mövsümündə 107 qolun müəllifi olduğunu bildirirlər.
Bundan əvvəl 40 il müddətində Gerd Müllerə məxsus olmuş rekorda heç kəs etiraz etməmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB