Jurnalistlər derbi barədə nə fikirləşirlər? SORĞU

Jurnalistlər derbi barədə nə fikirləşirlər? SORĞU

Topaz Premyer Liqasının XVII turunda "Xəzər Lənkəran" "Neftçi"ni qəbul edəcək. Siasport.az saytının məlumatına görə, bu iki komandanın qarşılaşması Azərbaycan çempionatının ən maraqlı oyunlarından sayılır. Derbi ilə bağlı jurnalistlər arasında sorğu keçirmək qərarına gəldik. Ancaq bu dəfə sorğunun maraqlı alınması üçün yalnız idman jurnalistləri deyil, digər sahələrdən yazan həmkarlarımızın da fikirlərini öyrəndik:

Rəşad Ergün ("Komanda" qəzetinin baş redaktoru)

Başında hələ Avroliqa havası olan "Neftçi" və Avroliqa iştirakçısını öz azarkeşləri önündə məğlub etmək istəyən "Xəzər Lənkəran"... Məncə, heç-heçə olacaq. 1:1 və ya 2:2-lik nəticə gözləyirəm.

Şahnaz Əhmədova ("Gənclərin səsi" radiosunun müxbiri)

Əslində mən heç birinə azarkeşlik etmirəm, amma heyətinə görə mənə elə gəlir ki, "Neftçi" "Xəzər"dən bir az üstündür

Elşən Məmmədov (Lent.az xəbər agentliyinin müxbiri)

"Neftçi" bu mövsüm səfər matçlarında elə də uğurlu çıxış etmir. Avropa Liqasının qrup mərhələsini 3 məğlubiyyət və 3 heç-heçə ilə başa vurmasına baxmayaraq, Topaz Premyer Liqasında 13 görüşdən 8 qələbə, 5 məğlubiyyətlə ayrılıb. Yəni, "Neftçi" hələ çempionatda görüşlərini heç-heçə ilə başa vurmayıb. Məğlubiyyətlərdən 4-ü səfər görüşlərinə təsadüf edib. "Xəzər Lənkəran" isə Karles Bakesin baş məşqçi postuna gəlişindən sonra milli çempionatda yalnız autsayder "Kəpəz"i yenə bilib. Bu məntiqlə oyunun nəticəsini proqnozlaşdırmaq çətindir. Amma fikrimcə, "Böyük oyun"un ab-havası fərqli olacaq. Bu qarşılaşmada "Neftçi" ilk çempionat heç-heçəsinə nail olacaq və oyun qollu heç-heçə ilə yekunlaşacaq. Konkret proqnozum - 1:1.

Vüqar Əliyev (Səs TV-nin baş redaktoru)

Məncə, "Neftçi" qalib gələr. Avropa Liqasında da uğurlu çıxışını nəzərə alsaq, komandada özünəinam var. "Xəzər Lənkəran"ın azarkeş və meydan amili olsa da, "Neftçi"nin daha güclü olduğunu düşünürəm.

Fəxri Məmmədov (Azərbaycan Respublikası Atçılıq Federasiyasının mətbuat xidmətinin rəhbəri)

Hesab edirəm ki, bu oyunda "Xəzər Lənkaran" qalib gələcək. Düzdür, cənub təmsilçisi meydana əsas futbolçusu və lideri Ruslan Abışovsuz çıxacaq, lakin doğma meydan amili çox şeyi həll etməlidir. "Xəzər Lənkaran"ın baş məşqçisi Karles Bekes də artıq nəyə qadir olduğunu göstərməlidir. Son oyunda qalib gəlməsinə baxmayaraq, "Neftçi" qeyri-stabil oyun nümaiş etdirir. Bu iki komandadan qələbəyə daha çox ehtiyacı olan Lənkaran təmsilçisidir. Qara zolaqdan çıxmaq üçün əzəli rəqib üzərində qazanılacaq qələbədən gözəl heç nə ola bilməz. Odur ki, məncə "Xəzər Lənkaran" minimal hesabla qələbə qaznacaq.

Mais Musayev (Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri)

Azərbaycan çempionatında xüsusi olaraq azarkeşlik etdiyim bir komanda yoxdur. Ancaq klublarımızın Avropa miqyaslı turnirlərdə çıxışlarını diqqətlə izləyir və hansı klub olmasından asılı olmayaraq azerkeşlik edirəm. Düşünürəm ki, futbol azarkeşləri arasında daxili çempionata maraq olduqca aşağıdır. Bu isə oyunların nəticələrindən asılıdır. Həm "Xəzər Lənkəran", həm də "Neftçi" klubları kifayət qədər geniş azarkeş dəstəyinə sahib olsa da, hər iki klubun çempionatdakı mövqeyi azarkeşləri qane etmir. Çünki hər iki klubun iddiası çempionluğa oynamaqdır. Oyunun nəticələrinə gəldikdə, hesab edirəm ki, "Xəzər Lənkəran" "doğma divarlar" arasında oynayacaq və azarkeşləri qarşısında yalnız qələbə qazanmaq istəyəcək. Ancaq "Neftçi" də artıq UEFA Avropa Liqasının qrup mərhələsi başa çatdığından bütün diqqətini daxili çempionata yönəldib. Gərgin və maraqlı bir oyun olacaq. Oyunun qollu heç-heçə və ya minimal fərqlə "Xəzər Lənkəran"ın qələbəsi ilə başa çatacağını düşünürəm.

Aygün Osmanova (Publika.az saytının müxbiri)

Düşünürəm ki, "Neftçi" qalib ola bilər, çünki "Neftçi" son vaxtlar daha da güclənib. Hələ "İnter"lə oyunda bərabərlik əldə etmələri onlara xüsusi stimuldur. "Rəvan"la keçirdiyi oyun da buna subutdur.

Teymur Hacıyev (Milli.az xəbər portalının müxbiri)

"Neftçi"nin qalib gələcəyini düşünürəm. Fikrimcə, hesab 0:1 olacaq.

Elçin Cəfərov ("Azərbaycan" qəzetinin müxbiri)

Topaz Premyer Liqasının 17-ci turunun mərkəzi görüşündə - "Böyük Oyun"da "Xəzər Lənkəran"ın azarkeşləri qarşısında oynaması komandada əlavə bir stimul yaradacaq. Lakin unutmamaq lazımdır ki, rəqib də son həftələrin ən formada olan komandalarından biri - "Neftçi"dir. Görüş öncəsi Lənkəranda ən böyük itki ötən həftə "Simurq"la matçda qırmızı vərəqə alan Ruslan Abışovun oynamayacaq olmasıdır. Çünki komandanın müdafiədə oyun qurmasında ən böyük rol məhz Ruslana məxsusdur. Onun olmaması komandanın müdafiədən qurulan ani əks hücumlarında özünü hiss etdirəcəkdir. Düşünürəm ki, qarşılaşmada əsasən tərəflər qol buraxmamağa çalışacaqlar. Ona görə də, heç-heçə daha real görsənir. Lakin hansı komandanın qələbəyə daha yaxın olduğuna gəldikdə, "Neftçi"nin bir addım öndə olduğunu rahatlıqla söyləyə bilərik.

Günel Əbilova (Qafqazinfo.az saytının müxbiri)

Ümid edirəm və istəyirəm ki, "Xəzər Lənkəran" qələbə qazansın.

Taptıq Abdullayev ("Səs" informasiya agentliyinin fotoqrafı)

Məncə, "Neftçi" qalib gələcək. Son zamanlar bu komandanın adı ölkədə, yaxşı mənada çox hallanır. "Neftçi" Avroliqada tarix yazdı. Komanda güclü olmasaydı, bunu bacarmazdı. "Xəzər Lənkəran" da güclü komandadır. Həm də öz meydanında oynayacaq. Ancaq "Neftçi"nin qalib gələcəyini düşünürəm.

Fuad Mədətov (Aznews.az saytının müxbiri)

"Xəzər Lənkəran" üstün olacaq. Hər iki komandan qol vuracaq, ancaq meydan sahibi qonaqları daha çox məyus edəcək. Hesabın 3:2 olacağını fikirləşirəm.

Anar Məcidzadə (Lent.az xəbər agentliyinin müxbiri)

Baxmayaraq ki, "Xəzər" son illər daha da inkişaf edib, məncə, "Neftçi" "Xəzər"ə qalib gələcək.

Samirə Abdullayeva ("Səs" informasiya agentliyinin müxbiri)

Səbəbini bilmirəm, amma "Neftçi"nin qalib gəlməsini istəyirəm.

Kəmalə İsmayılova ("Komanda" qəzetinin müxbiri)

Son uğurlarına gorə "Neftçi" daha cox şanslı görünsə də, mən "Xəzər Lənkəran" qalib olacağına inanıram. Bu, menim subyektiv fikrimdir. Kenardan müdaxilə olmasa, güclü qalib geler. Her iki kluba uğurlar arzulayıram.

Hacıbəy Heydərli (Azxeber.com portalının baş redaktoru)

Düşünürəm ki, bu matçın favoriti "Xəzər Lənkəran"dır. Lənkəranlılar "Fırtınalar Meydanı"nda tam başqa oyun sərgiləyirlər. Ancaq "Neftçi"nin də bu oyunda xala ehtiyacı var. Ümid edirəm ki, azarkeşlər gözəl oyun izləyəcəklər. Hesaba gəlincə, məncə 2:1 "Xəzər" qalib gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə