Dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilib. Siasport.az saytının məlumatına görə, bununla bağlı Milli Olimpiya Komitəsində mətbuat konfransı keçirilib. Konfransda gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin (MOK) I vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edib.
Nazir bununla bağlı Azərbaycanda olan infrastrukturu əks etdirən xüsusi kitabın hazırlandığını və təqdim olundğunu qeyd edib. O, dövlətimiz tərəfindən yarışlarda təhlükəsizliyə tam zəmanət verildiyini bildirib. Assambleyada Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə səsvermə zamanı 38 nəfərin leyhinə, 8 nəfərin əleyhinə, 2 nəfərin bitərəf olaraq səs verdiyini deyən nazir yarışlarda əsasən mövcud qurğulardan istifadə ediləcəyini vurğulayıb: "Afinada keçirilən Olimpiya oyunlarından sonra qurğular boş qalmışdı. Digər bir neçə ölkələrdə də belə hallar baş verir və sonradan bu qurğular sökülürlər. Bu təcrübələri nəzərə alaraq yarışlarda əsasən mövcud bazalardan istifadə edəcəyik. Bir neçə müvəqqəti qurğular inşa edilə bilər ki, bunlar da xüsusi konstruksiya ilə asanlıqla az bir zamanda tikilib-sökülə bilən materiallardan qurulacaq. Hava limanı istiqamətində olan sərgi binasından da istifadə etmək mümkündür. Çimərlik voleybolu üçün milli parkda 10-15 günlük müvəqqəti meydança tikiləcək. Təxminən Azərbaycana 4200-4500 idmançı gələcək. Yayım hüquqlarının satışından (ən az 40-50 milyon avro) və digər sahələrdən 100 milyon avrodan çox maliyyə gəliri əldə olunacaq. Artıq 13 beynəlxalq federasiya yarışlarda iştirakını təsdiqləyib. Hələ bir çoxlarından isə cavab gözləyirik. Biz qeyri-olimpiya növləri olan karate və şahmatın da bu yarışlarda iştirakı üçün dəvət göndərmişik".
MOK-un I vitse prezidenti Ç.Hüseynzadə isə Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb. O, ölkəmizdə bu yarışa görə bir çox sahələrdə yeniliklərə imza atılacağını, Bakının daha da inkişaf edəcəyini qeyd edib. Vitse-prezident təşkilat komitəsi yaradılandan sonra təcrübəli mütəxəssislərin məsləhətlərindən yararlanacaqlarını və hazırda çalışdıqları şirkətin köməkliyindən istifadə edəcəklərini vurğulayıb. O, nəqliyyat və təhslükəsizlik sisteminin mövcud şəraitə uyğunlaşdırılmalı olduğunu deyib: "Yarışlarda Azərbaycanda olmayan və burada az inkişaf etmiş idman növləri də var. Çalışacağıq ki, Azərbaycanı layiqincə təmsil edək".
Qeyd edək ki, yarışların 2015-ci ilin iyun ayının ikinci yarısında keçirilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB