Bakı Ekspo Mərkəzində sərginin açılışı oldu

Bakı Ekspo Mərkəzində sərginin açılışı oldu

"I Azərbaycan beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisi"nin rəsmi açılış mərasimi keçirilib

Bu gün Bakı Ekspo Mərkəzində "ITE Group PLC"nin Qafqazdakı tərəfdaşı "İteca Caspian" MMC-nin təşkilatçılığı ilə "I Azərbaycan beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisi" və "Gənclər təşkilatlarının IV respublika sərgisi"nin rəsmi açılış mərasimi olub. SİA-nın verdiyi xəbərə görə, açılış mərasimində Azərbaycan gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov və "İTE Group"şirkətinin icraçı direktoru Eduard Strun çıxış edərək, sərginin ölkədə idmanın inkişafına diqqətin artması və idman infrastrukturuna irihəcmli investisiyaların yatırılmasını vurğulayıblar.

"I Azərbaycan beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisi"də alpinizm, atçılıq, boks, taekvondo, gimnastika, qolf, stolüstü tennis, voleybol, futbol, üzgüçülük, cüdo, yelkən idmanı və digər idman növləri üzrə federasiyalar təmsil olunur. Bundan başqa, Milli Olimpiya və Paralimpiya komitələrinin stendləri də burada yer alıb.

"I Azərbaycan beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisi" ilə bir zalda "Gənclər təşkilatlarının IV respublika sərgisi" də keçirilir. Bu tədbir "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" adlı dövlət proqramı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərmanının icrası çərçivəsində həyata keçirilir. Sərgidə 72 gənclər təşkilatı iştirak edir. Onlardan "Bakı Gənclər Klubu", "İrəli" ictimai birliyi, "Ümidli Gələcək Gənclər Təşkilatı "Dünya Türk Gəncləri Birliyi" "Gələcəyə Körpü İctimai Birliyi" və.s gənclər təşkilatı iştirak edir.

Tədbiri giriş sözü ilə açan gənclər və idman naziri Azad Rəhimov bildirdi ki, 2012-ci il Azərbaycan idman ictimaiyyəti üçün möhtəşəm il olub." Bu il Azərbaycan prezidenti İlham Əliyev tərəfindən "İdman ili" elan olunub. 2012-ci ildə ilk dəfə ölkəmizdə 17 yaşadək qızlar arasında dünya çempionatı və Formula-3 yarışı təşkil edilib. Həmçinin idmançılarımız London Yay Olimpiya Oyunlarında uğurla çıxış edərək, xalqımıza böyük sevinc gətirib. Bütün bunlar sübut edir ki, Azərbaycan həqiqətən idman ölkəsidir".

Həmçinin nazir bildirdi ki, idman sərgisi hər il mütəmadi keçiriləcək.

Daha sonra söz alan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdir müavini Tahir Süleymanov bildirdi ki, Azərbaycan istər siyasi, mədəni, iqtisadi, idman sahəsində dünyanın qabaqçıl ölkələrindəndir. " Hər il ölkəmizdə çoxlu idman tədbirləri keçirilir. belə bir sərginin keçirilməsi böyük uğurdan xəbər verir. Ölkəmizdə gənclər və idman nazirliyinin yaradılması ölkə idmanına böyük töhfədir. Son illərdə qazadığımız uğurlar buna əyani sübutdur".

Daha sonra "İTE Group"şirkətinin icraçı direktoru Eduard Strun çıxış edərək bildirdi ki, "I Azərbaycan beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisi" və "Gənclər təşkilatlarının IV respublika sərgisi"nin təşkilinə görə Gənclər və İdman Nazirliyinə təşəkkür edir. "İndiyədək müxtəlif sərgilər təşkil etsələr də, idmanla bağlı ilk sərgilərini keçirirlər".

Rəsmi açılış mərasimi başa çatdıqdan sonra qonaqlar sərgi ilə tanış olublar.

"I Azərbaycan beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisi" və "Gənclər təşkilatlarının IV respublika sərgisisi" 3 gün davam edəcək.

Qeyd edək ki, Prezident İlham Əliyevində sərgiyə baxış keçirəcəyi gözlənilir.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə