"Atletiko" - "Bakı" əməkdaşlığı barədə mətbuat konfransı keçirildi

"Atletiko" - "Bakı" əməkdaşlığı barədə mətbuat konfransı keçirildi

"Bakı" futbol klubunun təlim-məşq bazasının mətbuat mərkəzində yerli media nümayəndələri üçün mətbuat konfransı keçirilib. Siasport.az saytının məlumatına görə, konfransa "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov, AFFA-nın baş katibi Elxan Məmmədov, "Atletiko" Madrid klubunun marketinq, korporativ əlaqələr və beynəlxalq layihələr üzrə baş meneceri Emilio Qurierres Bolloza, klub bazasının direktoru Karlos Agilera Martin, "Bakı"nın icraçı direktoru Yaşar Seyidov və departament rəhbəri Nəriman Mehdiyev qatılıblar. Tədbirdə "Bakı" və "Atletiko Madrid" klubları arasında imzalanan əməkdaşlıq müqaviləsinin əməli fəaliiyəti barədə geniş məlumat verilib.

Tədbiri açıq elan edən Nəriman Mehdiyev layihə barədə qısa məlumat verdikdən sonra AFFA baş katibi Elxan Məmmədov bu əməkdaşlığın tək "Bakı" futbol klubu üçün deyil, bütün Azərbaycan futbolu üçün böyük önəm daşıdığını söyləyib. "Bakı"nın prezidenti Hafiz Məmmədova təşəkkür edən baş katib AFFA-nın bu işdə "Bakı"ya tam dəstək olacağına söz verib.



"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov və
layihənin əlaqələndiricisi İgnasio Aguillo


Emilio Bolloza nümunə kimi "Atletiko Madrid" klubunun Çin, Tailand, ABŞ və digər ölkələrin klubları ilə əməkdaşlığa başladığını bildirdib. E.Bolloza layihə çərçivəsində yüzlərlə gənc futbolçunun Madriddə "Atletiko" futbol akademiyasında təhsil alacağını, bunun üzunmüddətli xarakter daşıyacağını qeyd edib.

Qeyd edək ki, Azərbaycandan seçilən futbolçular 3 il ərzində İspaniyada təlim keçəcəklər. Onlar 2016-cı ildə ölkəmizdə keçiriləcək gənclər arasında Avropa çempionatında milli komandamızın əsas heyətini təşkil edə bilərlər. Bu baxımdan layihə "Bakı" futbol klubunun miqyası ilə çərçivələnmir. Digər klubların istedadlı uşaqları da AFFA-nın dəstəyi ilə "Bakı" futbol klubunun hesabına Madridə yollanacaqlar.



Mətbuat konfransından görüntü (21 noyabr, 2012)

Seçimlər AFFA və "Bakı" futbol klubu tərəfindən təşkil olunacaq və Madrid klubunun skautları qərar verəcəklər. Bu məqsədlə yeni ilin əvvəllərində "Bakı" futbol klubunun bazasında xüsusi turnir təşkil olunacaq. Bu seçimlərə minlərlə uşaqlar qatılacaq. İlk mərhələdə 10-15 yaşlar arasında olan futbolçuların seçimi ediləcək. Növbəti qruplar da müxtəlif yaşlı uşaqlardan təşkil olunacaq. 3 il ərzində yüzlərlə azərbaycanlı futbolçunun Madrid akademiyasında uzunmüddətli təlimi və tədrisi nəzərdə tutulur. Layihə "Bakı" futbol klubu tərəfindən maliyyələşdiriləcək.

Layihə çərçivəsində seçilən uşaqlar "Atletiko" klubunun ulduz futbolçuları ilə birlikdə məşqlər etmək imkanı əldə edəcəklər. Onlar "Atletiko"nun müxtəlif yaş qruplarında çıxış edən komandalarının heyətlərində oynayaraq, həm təcrübə qazanacaqlar, həm də fiziki göstəricələrini artıracaqlar.

Daha bir maraqlı xəbər isə "Atletiko Madrid" klubunun gələn il Bakıya səfər etməsi ilə bağlıdır. Dünyanın seçilən klublarından biri olan "Atletiko"nun Bakıya səfər tarixi barədə əlavə məlumat veriləcək.

Mətbuat konfransında səslənən fikirlər, suallar və cavablar, layihənin məqsədi barədə növbəti video-materialda tanış ola bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə