"Baku Fires" - "Argentina Condors" görüşünün mətbuat konfransı keçirilib
"Sərhədçi" Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 1-ci turunun "Baku Fires" (Azərbaycan) və "Argentina Condors" (Argentina) komandaları arasında noyabrın 17-də keçiriləcək matça həsr olunmuş çəki mərasimi və mətbuat konfransı keçirilib. Siasport.az saytının məlumatına görə, çəki mərasimindən sonra "Baku Fires"in baş meneceri Rizvan Gənciyev, komandanın baş məşqçisi Nuripaşa Talibov, "Argentina Condors"un baş meneceri Hernan Salvo, baş məşqçi Sarbelio Fuentes və WSB-nin supervayzeri Narsi Kişen mətbuat konfransında iştirak ediblər.
Növbəti dəfə Bakıya gəlişindən şad olduğunu bildirən WSB-nin supervayzeri döyüşü idarə edəcək hakimlər haqqında məlumat verib: "Hət iki komandaya uğurlar arzu edirəm. Görüşün ədalətli idman mübarizəsi şəraitində keçəcəyinə inanıram".
"Baku Fires" klubunun baş meneceri Rizvan Gənciyev yeni mövsümün başlaması münasibəti ilə idman həvəskarlarını təbrik edib. O, artıq WSB liqasından Olimpiya oyunlarına 25 lisenziyanın veriləcəyini vurğulayıb: "Argentina klubu haqqında geniş məlumatımız yoxdur. 85 və 91+kq çəki dərəcəsində mübarizə aparacaq boksçular vaxtilə peşəkarlar arasında döyüşüblər. AİBA artıq peşəkar rinqdə 15-dən çox döyüş keçirməyən boksçuların da liqada çıxışına icazə verir. Ümid edirəm ki, sabah qələbə bizim tərəfimizdə olacaq".
"Baku Fires"in baş məşqçisi Nuripaşa Talibov komandanın qarşısına yüksək hədəflərin qoyulduğunu və bunun üçün çalışacaqlarını bildirib.
Argentina klubunun baş meneceri Hernan Salvo komandasının WSB liqasında debütant olmasını qabardıb: "Bizim üçün hər bir döyüş təcrübə məktəbi olacaq. Sabah liqanın ən güclü klublarından biri ilə qarşılaşacağıq. Rəqibə ciddi müqavimət göstərməyə çalışacağıq. İnanıram ki, azarkeşləri maraqlı döyüş gözləyir".
"Baku Fires"in heyətində debüt edəcək dünya və Avropa çempionu Albert Səlimov WSB liqasında debütünü səbirsizliklə gözlədiyini söyləyib: "Son dünya çempionatında, eləcə də lisenziya turnirində bəxtsizliklə üzləşdim. Ancaq artıq qara zolağın geridə qaldığını düşünürəm. Və yeni komandamın uğurları üçün əlimdən gələni edəcəm".
Qeyd edək ki, son anda "Argentina Condors"un heyətində dəyişiklik edilib. 73 kq çəki dərəcəsində Henri David Polanco Simalı Xuan Velasko əvəzləyib.
Xatırladaq ki, matç bu gün saat 19:00-da "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçiriləcək.
Komandaların heyətləri:
Baku Fires – Argentina Condors
54 kq. Qairbek Qermaxanov (Azərbaycan) – Alberto Ezequiel Melian (Argentina)
61 kq. Albert Səlimov (Rusiya) – İqnacio Perrin (Argentina)
73 kq. Heybulla Mürsəlov (Azərbaycan – Xuan Velasko (Argentina)
85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Facundo nahuel Simal (Argentina)
+91 kq. Hacı Murtuzəliyev (Azərbaycan) – Maksimiliano Alexandro Sosa (Argentina)
"A" qrupunun digər görüşlərində "Mexico City Guerreros" doğma rinqdə "Poland Hussars"ı, "Dinamo" (Moskva) isə Əlcəzairin "Desert Hawks" klubunu qəbul edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB