Bakıda boks üzrə tələbələr arasında sayca 5-ci dünya çempionatı davam edir. Siasport.az saytının məlumatına görə, Bakı İdman Sarayında təşkil olunan yarışın ikinci günündə Azərbaycanın üç boksçusu rinqə çıxıb. Çempionatda 52 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Samir Məmmədov rusiyalı Yevgeni Yefrimovla qarşılaşıb. Rəqibini məğlub edən idmançımız növbəti mərhələyə adlayıb. Növbəti uğurlu çıxışı ilə Vətən Hüseynli (81 kq) yadda qalıb. Boksçumuz Gürcüstan idmançısı Aliko Onianini yarışdan kənarlaşdırıb. London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olan boksçumuz Teymur Məmmədov (91 kq) və onun rusiyalı rəqibi Şiqabuddin Əliyev idmançıya yaraşmayan hərəkət etdikləri üçün yarışdan kənarlaşdırılıblar. Belə ki, rus idmançı ilk raundda həmyerlimizə dizi ilə zərbə vurub. Rəqibin bu hərəkəti Teymuru özündən çıxarıb və o, rusiyalıya qaydalardan kənar cavab verib. Rinqin hakiminin "dayan" işarəsinin isə köməyi olmayıb. Dava elə qızışıb ki, boksçular qonqun səsini belə eşitməyiblər. AİBA Hakimlər Komitəsi isə dərhal qərar çıxardıb. "İdmançıya yaraşmayan hərəkət" maddəsi ilə hər iki boksçu dünya çempionatından uzaqlaşdırılıb.
Yarışda Azərbaycan, Rusiya, Ukrayna, Türkiyə, Qazaxıstan, Moldova, Nigeriya, Tacikistan, Gürcüstan və Estoniyadan olan boksçular birincilik uğrunda mübarizə aparırlar.
Xatırladaq ki, turnirin ilk günündə yeganə təmsilçimiz Heybətulla Hacıəliyev (64 kq) rinqə çıxıb və rəqibi ukraynalı Maksim Konışevi məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB