“Uşaq atletikası” mövzusunda növbəti treninq-seminar keçirilib

“Uşaq atletikası” mövzusunda növbəti treninq-seminar keçirilib

Azərbaycan Atletika Federasiyası (AAF), "İnkişaf Naminə İdman" İctimai Birliyi (İNİİB) və Milli Olimpiya Komitəsinin (MOK) birgə əməkdaşlığı ilə həyata keçirilən "Uşaq atletikasının inkişaf etdirilməsi" layihəsi çərçivəsində "Uşaq atletikası" mövzusunda növbəti treninq-seminar keçirilib. Siasport.az saytının məlumatına görə, seminarda Bakı və Sumqayıt şəhər məktəblərindən 20 nəfər fiziki tərbiyə müəllimi iştirak edib.

Seminarı giriş sözü ilə açan MOK-un əməkdaşı və İNİİB-nin rəhbəri Mehman Kərimov iştirakçı müəllimləri salamlayaraq atletika idman növünün ümumilikdə əhəmiyyətindən və beynəlxalq aləmdə artan reytinqi haqda çıxış edib. Sonra AAF-ın gənc məşqçisi və "Uşaq atletikası" üzrə məşqçi-təlimatçı Aqil Paşayev çıxış edərək "Uşaq atletikası"nın tarixçəsindən və treninq-seminarın məqsədindən, həmçinin müvafiq sahənin inkişafı ilə gələcək planlardan söz açıb. Bundan sonra AAF və İNİİB-nin təlimatçıları iştirakçıları treninqin formatı və proqram haqda məlumatlandırıblar. Treninq-seminar nahar fasiləsindən sonra öz işini müxtəlif məktəblərdən dəvət olunmuş uşaqlar arasında uşaq atletikası üzrə yarışın təşkili ilə davam etdirib.

Bu yarışın təşkili uşaqlar və valideynlər arasında atletikanın təbliği ilə yanaşı, iştirakçılar müəllimlərin öz nəzəri biliklərini proqrama uyğun olaraq praktikada yoxlamaq üçün nəzərdə tutulub. Yarışda iştirak edən məktəblilər atletikanın atmalar, tullanma və qaçış idman növü üzrə 6 komandaya bölünüblər. Bütün yarışı təşkilatçı, hakim və komanda lideri rolunda çıxış edən 3 qrupa bölünmüş müəllimlər komandası həyata keçirib.

Yarışın sonunda layihənin işçi heyəti məktəbliləri və iştirakçı müəllimləri fəal iştiraklarına görə diplom və sertifikatlarla təltif ediblər.

Sonda məlumat üçün bildirək ki, Beynəlxalq Atletika Federasiyasının (BAF) təqdim etdiyi "Uşaq atletikası" proqramı 2005-ci ildə yaradılıb və hazırda əhatə dairəsinə görə dünyanın ən geniş yayılan kütləvi idman layihələrindəndir. 2011-ci ilin sonlarında layihə dünyanın 100 ölkəsində 1.5 milliyon uşağı əhatə edib. 2012-ci ildən başlayaraq BAF "Uşaq atletikası" proqramı üzrə məşqçi-təlimatçıların hazırlığı layihəsinə start verib.

Bütün xəbərlər Facebook səhifəmizdə