Ramil Kərimov: "Hec vaxt uduzmağı bacarmamışam" MÜSAHİBƏ

Ramil Kərimov: "Hec vaxt uduzmağı bacarmamışam" MÜSAHİBƏ

Siasport.az saytı "Tərəqqi"nin qapıçısı Ramil Kərimovun müsahibəsini təqdim edir:

- Komandanın çempionatdakı çıxışı barədə nə düşünürsən?

- Çempionata yaxşı başlamışıq ki, bu da bizi sevindirir. Klubda hər şey normaldır, işlərimiz şükür ki, öz qaydasında gedir. Əhval-ruhiyyəmiz əladır. Məşqlərimiz yaxşı səviyyədə davam edir. Oyunlarımızı uğurla keçirib, çempionatı yüksək yerlərdə tamamlamaq istəyirik.

- "Tərəqqi" səfərdə keçirdiyi oyunlarda inamlı təsir bağışlasa da, Gəncədə 2 dəfə uduzub. Bu nə ilə bağlıdır?

- Evdə öz səhvlərimizdən hər iki oyunda məğlub olduq. Günahı tək bir adamın adına bağlamaq düzgün deyil. Futbol kollektiv oyundur və meydana çıxan hər bir futbolçu komanda üçün oynayır. Zəif təsir bağışlayıb "Ağsu" və "Şahdağ"a uduzduq. Bundan nəticə çıxarmalıyıq. Çalışmalıyıq ki, gələcəkdə eyni səhvləri təkrar etməyək. Qarşımıza qoyulan məqsədə nail olmaq üçün səylə işləməliyik.

- Oyun ərzində səni daha çox danışıb, komanda yoldaşlarına qışqıran görürük...

- Bu, qapıçılara xas olan bir xüsusiyyətdir. Mən hec vaxt uduzmağı bacarmamışam. Bunu həzm edə bilmirəm. Ona görə də uşaqlara tez-tez qışqırıram. Mən həmişə danışıb qışqıracağam (gülür). Yoldaşlarımı mübarizəyə səsləmək, məncə, pis addım deyil.

- Azarkeşlərə nə sözün var?

- Bütün "Tərəqqi"sevənləri stadiona dəvət edirəm. Gəlsinlər, oyunlarımıza baxsınlar, dəstək versinlər. Komandanın pis və yaxşı günlərində bizimlə birlikdə olsunlar. Sağ olsunlar fanatlar stadiona gəlirlər. Bizim uğurlarımızda onların da əməyi böyükdür. Oyunlara gəlməyənlərə də burdan səslənirəm ki, bizə dəstək olmağa gəlsinlər.

Bütün xəbərlər Facebook səhifəmizdə