Georgi Çixradze: "Futbolçuların qırmızı vərəqə alması oyunumuza təsir etdi"

Georgi Çixradze: "Futbolçuların qırmızı vərəqə alması oyunumuza təsir etdi"

Topaz Premyer Liqasının XII turunda Tovuzda yerli "Turan"la qarşılaşan "Simurq" səfər oyununda 1 xalla kifayətlənməli olub - 1:1. Siasport.az saytının məlumatına görə, oyundan sonra qonaqların baş məşqçisi Georgi Çixradze matçın çətin keçdiyini, Tovuz klubunun baş məşqçisi Əfqan Talıbov isə rəqibin fiziki cəhətdən üstün olduğunu bildirib:

Georgi Çixradze, "Simurq" klubunun baş məşqçisi: "Oyuna fərqli heyətlə çıxmışdıq. Həmişəki kimi oyunumuz çətin keçdi. İlk hissədə komanda yaxşı oynadı, standard vəziyyətdən gözəl qol vurduq. İkinci hissədə isə qapımızdan qol buraxdıqdan sonra müdafiəyə daha çox fikir verməyə başladıq. Futbolçuların qırmızı vərəqə alması oyunumuza təsir etdi. Lakin futbolçularıma təşəkkürümü bildirirəm, sona kimi mübarizə apardılar və 1 xal qazandılar".

Əfqan Talıbov, "Turan" klubunun baş məşqçisi: "Simurq" balanslaşdırılmış oyun tərzi ilə son 15 dəqiqədə fiziki cəhətdən üstün idi. Ehtiyatlı oynamağa, müdafiədə səhv buraxmamağa çalışdıq. Lakin bütün bunlara baxmayaraq Rukavinanın səhvindən sonra qapımıza təyin olunmuş cərimə zərbəsindən hesab açıldı. İkinci hissədə iki hücumçu ilə oyunumuzu gücləndirdik. "Simurq"da yorğunluq hiss olunurdu. Bizim üçün "Simurq"la oynamaq çətin idi".

Bütün xəbərlər Facebook səhifəmizdə