Qurban Qurbanov: “Komandada ciddi problemlər var"

Qurban Qurbanov: “Komandada ciddi problemlər var"

Topaz Premyer Liqasının XI turunda "Qəbələ" paytaxtda "Qarabağ"ın qonağı olub. Siasport.az saytının məlumatına görə, Ağdam təmsilçisini 2:1 hesabı ilə məğlub edən "Qəbələ" mövsümdə ilk səfər qələbəsini qazanıb. Hər iki komandanın baş məşqçilərinin fikirlərini nəzərinizə çatdırırıq:

Ramiz Məmmədov, "Qəbələ" klubunun baş məşqçisi: "Turan" məğlubiyyətindən sonra komandaya növbəti oyunda mütləq qələbə qazanmağın vacibliyini bildirmişdim. Futbolçular tapşırıqları yerinə yetirdilər, qələbə qazandıq. Biz bu gün yaxşı oynadıq. Anar Nəzirovun start heyətində meydana çıxması millinin də xeyrinə olan amildir. Kamran Ağayevin yoxluğunda onun milliyə kömək edəcəyinə inanıram. Anar Nəzirov meydanda ən yaxşılardan idi. Dieqo isə artıq çəkisini azaldıb. Yaxın günlərdə onun da heyətə dönəcəyinə inanıram".

Qurban Qurbanov, "Qarabağ" klubunun baş məşqçisi: "Komandada ciddi problemlər var. Bütün bunlar göz qabağındadır, bunu danmaq olmaz. Təəssüf ki, bu gün oyunumuz alınmadı. Daha doğrusu, rəqib istədiyimiz oyunu sərgiləməyə imkan vermədi. Rauf Əliyevin hücumun sivri ucunda oynamasını planlaşdırmışdıq. Ancaq rəqib buna imkan vermədi, Rauf tez-tez topu almaq üçün meydanın mərkəzinə qədər geri çəkilirdi. Problemləri konkret kiminsə üstünə atmaq düzgün olmazdı. Bu, bütün kollektivin xətasıdır. Elnur Abdulov və bir neçə gənc futbolçu məşqlərdə özlərini yaxşı tərəfdən göstərdikləri üçün start heyətdə yer almışdılar. Əvəzetmələrə gəlincə, meydana sonradan çıxanlar yaxşı oynamadılar. Meydana girdikləri yalnız ilk 15 dəqiqədə nəsə etməyə çalışdılar".

Bütün xəbərlər Facebook səhifəmizdə