Bojidar Bandoviç: “Ağır oyun olacağını bilirdik"

Bojidar Bandoviç: “Ağır oyun olacağını bilirdik"

Topaz Premyer Liqasının XI turunda doğma meydanda "Bakı"nı qəbul edən AZAL rəqibi üzərində əzmkar qələbə qazanıb – 2:1. Siasport.az saytı xəbər verir ki, oyundan sonra baş məşqçilər fikirlərini bildiriblər:

Bojidar Bandoviç, "Bakı" klubunun baş məşqçisi: "Ağır oyun olacağını bilirdik. AZAL-da güclü komanda ruhu var. Çox təhlükəli hücum xəttinə malikdir. Oyunda hesabı biz açdıq, ilk hissədə də bir neçə qol imkanı əldə etdik. Rəqib bizə pressinq tətbiq edərək hücum qurmağımızı çətinləşdirdi. İkinci hissədə də yaxşı oynadığımızı düşünürəm, lakin yaratdığımız qol imkanlarından faydalana bilmədik. Son ötürmələrdə daha soyuqqanlı olmaq lazımdır. Komandam oyunboyu yaxşı oynadı, lakin, bu, kifayət etmir. Artıq nəticə qaznanmaq lazımdır. Üç gün sonra daha bir çətin oyunumuz var, bütün fikrimizi bu oyuna yönəldəcəyik".

Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: "İlk öncə komandamı təbrik edirəm. Oyunun çətin keçəcəyini bilirdik. Həmişə sürətli oyuna üstünlük vermişik, rəqib komandaya pressinq tətbiq edirik. İlk hissədə bu oyun üslübu bizdə alındı. Qapımızdan qol buraxdıqdan sonra ruhdan düşmədik. Hesabda irəli olduqdan sonra isə komanda müdafiəyə çox çəkildi. "Bakı" bundan istifadə edib bir neçə qol imkanı yaratdı. Bundan öncə "Simurq"la səfər oyunda çox güc sərf etmişdik. "Bakı" öz oyun üslübuna görə seçilir. Bugünkü oyunda hücum xəttində üç futbolçunun olması bizi təəccübləndirdi. Əzmkar qələbə qazandığımız üçün şadam, vacib üç xal əldə etdik. Yeni komanda formalaşdırırıq, qarşımızda duran ilk vəzifə "altılığa" düşməkdir. İnanıram ki, "Bakı" bu oyunu ilə tezliklə nəticə qazanacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə