Klub rəsmiləri cəzalandırıldı

Klub rəsmiləri cəzalandırıldı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

20 oktyabr 2012-ci il Topaz Premyer Liqasının IX turunun "Qarabağ" – "Bakı" matçı başa çatdıqdan sonra hakimlər onlar üçün ayrılmış otağa yaxınlaşarkən dəhlizdə "Bakı" klubunun mühafizəçisi (Elvin Fətullayev) matçın baş hakiminə fiziki təsir göstərmişdir (yumruqla zərbə endirmişdir). Həmin şəxs polislər tərəfindən yaxalansa da, "Bakı" klubunun digər üzvlərinin köməkliyi nəticəsində hadisə yerindən uzaqlaşmışdır. Bu hadisənin "Bakı" klubunun baş meneceri Zeynal Məmmədov və klubun katibi Zəka İbrahimovun gözləri önündə baş verməsinə baxmayaraq, həmin şəxslər öz tabeçiliyi altında olanları sakitləşdirmək əvəzinə hakimləri təhqir etmiş və onlara hədə-qorxu gəlmişlər. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarı qəbul edir:

1. "Bakı" klubunun mühafizəçisi Elvin Fətullayevin futbola aid hər hansı fəaliyyətinə qadağa qoyulur, klub 20 000 manat cərimə olunur (maddə 10.6, maddə 38).

2. "Bakı" klubunun baş meneceri Zeynal Məmmədov və klubun katibi Zəka İbrahimov hakimləri təhqir etdiklərinə, onlara hədə qorxu gəldiklərinə və təhrikçi hərəkətlərinə görə hər bir şəxs 10 oyunluq cəzalanır, klub 16 000 manat cərimə olunur (maddə 44.2, maddə 8). Adıçəkilən şəxslərin cəza müddətləri başa çatana kimi stadionlara girişi qadağan edilir (maddə 21).

3. PFL baş vermiş hadisədə ilə əlaqədar hüquq mühafizə orqanlarına məlumat versin.

4. Hakim-İnspektorlar Komitəsi matçın AFFA nüməyəndəsinin fəaliyyətinin qiymətləndirdikdən sonra İntizam Komitəsinə məlumat versin.

5. Analoji hadisənin baş verəcəyi təqdirdə "Bakı" klubuna qarşı aşağıdakı sanksiyalar tətbiq olunacaqdır:

- Oyunun azarkeşsiz və ya neytral meydanda keçirilməsi.

- Klubun aktivindən xalların silinməsi.

- Klubun yarışlardan kənarlaşdırılması.

Qeyd: Baş vermiş hadisə bir neçe vidoekamera vasitəsi ilə qeydə alınmış və öz təsdiqini tapmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə