Gündüz Abbaszadə: "Külli ixtiyar verilmişdi "Qəmlo"nun əlinə" MÜSAHİBƏ

Gündüz Abbaszadə: "Külli ixtiyar verilmişdi "Qəmlo"nun əlinə" MÜSAHİBƏ

Avroliqanın qrup mərhələsində çıxış edən "Neftçi"də ən çox ünsiyyətdə olduğumuz odu – Gündüz Abbaszadə. Çoxdan idi söhbət etmək istəyirdik. Amma "ağ-qaralar"ın sıx oyun qrafiki buna imkan vermirdi. Nəhayət, vaxt tapıb görüşdük və "Neftçi"nin mətbuat xidmətinin rəhbəri mətbuatla, özüylə, klubuyla bağlı düşündükləri bizimlə bölüşdü.

"Külli ixtiyar verilmişdi "Qəmlo"nun əlinə"

- Gündüz, ANS-in simasına çevrilmiş bir şəxsin telekanaldan gedişi necə qəfil alındısa, "Neftçi"yə də gəlişi elə qəfil oldu. Bu, öncədən planlaşdırılmışdı?

- ANS-dən gedişim özüm üçün də gözlənilməz oldu. Orda ab-hava bir qədər dəyişmişdi və mənim 10 il işlədiyim ANS deyildi.

- Nə baxımdan dəyişmişdi: yaradıcılıq, yoxsa…

- Yaradıcılıq. Rəhbərlik indiyə kimi dəyişməyib.

- Yaradıcılığa təsir edən amillər nə idi? Rəhbərliyin özünün düşüncələrində dəyişiklik baş vermişdi?

- Xeyr. Külli ixtiyar verilmişdi "Qəmlo"nun əlinə, bu rolu da bir xanım oynayırdı. Adını demək istəmirəm, baş redaktor idi. O, amerikansayağı, BBC, CNN-sayağı reportajlar istəyirdi. Deyirdi ki, bizdə niyə kriket, beysbol göstərilmir. Deyirdim ki, xanım, Azərbaycanda bu idman növləri seyr edilmir. Xırda detaldı bu, ancaq ANS-dən getməyimə səbəb oldu.

- Gündüz Abbaszadə ANS-də yoxdu, amma yenə də kanalın idman xəbərlərində beysbol göstərmirlər. Bəlkə məqsəd sənin ordan getməyini stimullaşdırmaq idi…

- Bəlkə kimsə istəyirdi ki, mən ordan gedim. Məncə, Mirşahin Ağayevə lazım deyildi mənim getməyim.

- Bəs onda Mirşahin niyə ANS-in simasına çevrilmiş bir adamı qoruya bilmədi?

- Mirşahin əlindən gələni etdi ki, mən qalım. Dedi ki, hər şey yaxşı olacaq. Dedim yox, getməliyəm. ANS-də Gündüzün problemi olmayıb, indi də onlar mənim üçün doğmadı, ilk iş yerimdi. Ailəmi, həyat yoldaşımı orda tapmışam.

- "Neftçi"yə gəlişin necə alındı?

- İşsiz qalmağım maliyyə baxımından mənə zərbə olardı. ANS-də çalışarkən "Neftçi"nin prezidenti Sadıq Sadıqovla söhbət etmişdim və kanaldan getmək istədiyimi demişdim. O da bura rahat gələ biləcəyimi söyləmişdi. ANS-dən çıxdığım gün gəldim və əmrim də verildi.

"Pirvəliləri görəndə utanıram"

- ANS-də işləyərkən idman jurnalistikasının təmsilçisi idin. Ancaq indi klub rəsmisisən. Televiziyada işləyərkən idman jurnalistikası necə görünürdü, indi necə görünür?

- Kobud deyərdim: ANS-də işləyərkən elə bilirdim hamı mənim kimi jurnalistdi. Özümü ideallaşdırmıram, düşünürdüm ki, hamı xəbər üçün, pul qazanmaq üçün çalışır. Kluba gəldikdən sonra isə tam fərqli idman jurnalistikası gördüm. Təbii ki, bunu hamıya şamil etmirəm. Dediklərim konkret şəxslər var, onlara ünvanlanır. Onlar idman jurnalistikasına ləkədilər. Onları görəndə jurnalist olmağıma görə utanıram. Problem əsas ondadı ki, klub funksionerləri jurnalistlərin hamısına eyni gözlə baxır. Ancaq Əli, Vəli, Pirvəlinin arasında dağlar qədər fərq var. Və Pirvəli hər addımında öz mənafeyini güdən, reklam davası edən, səfər davası döyən, ancaq Əli, Vəli başını aşağı salan, peşəsini sevəndi. Amma elə klub funksioneri var ki, Əliylə Pirvəli arasında fərq görmür. Həmin Pirvəliləri görəndə utanıram.

- Onda belə deyək: idman jurnalistikasında dəyərlərin itməsində günahkarlar həm də elə həmin klub funksionerləridi. Onlar əslində fərqi görürlər, ancaq dəyərləndirə bilmirlər.

- Çalışdığım "Neftçi" klubunda bu fərqi qoymağa çalışırıq. Klub funksionerləri jurnalistikadan çox uzaq adamlardı. Bunu mətbuat xidmətinin əməkdaşları başa salmalıdı ki, bu jurnalist belədi, o biri belə. Onların arasında savadlı və savadsız jurnalistlər var axı.

- Savadlı və ya savadsız jurnalistin işlədiyi qəzet və sayt var. "Neftçi"nin səfər oyunlarına onların hamısı gedir. Qayıdandan sonra kimin bunu necə işıqlandırdığını görmək lazımdı…

- Bu, sözsüz ki, görünür. Mən bilirəm ki, kim turist kimi gedir, kim işləmək üçün. Açıram onun çalışdığı xəbər saytını, baxıram ki, 10 xəbərdən 8-i "Neftçi" haqdadı. Sözsüz ki, eləsinə qiymət verirəm, siyahı da tərtib olunanda onların adını əvvəldə yazmağa çalışırıq.

"Məni yandıran, təsir edən bilirsiz nədi?"

- Sənin "Neftçi"yə gəlişinə qədər klubda vəziyyət belə idi, fərq qoyulmurdu və mətbuatla "Neftçi"nin arası elə də yaxşı deyildi…

- Mən jurnalistikadan gəlmişəm, deməzdim ki, gəldim hər şeyi dəyişdim. Klubda elə ab-hava var ki, hamımız eyni nöqtəyə vurmağa çalışırıq. Burda tək Gündüzlük bir şey yoxdu. Klub prezidenti Sadıq Sadıqovun, Tahir Süleymanovun, Mübariz müəllimin, Güloğlan müəllimin və adını çəkmədiyim bir çox insanların da rolu böyükdü. Qərarı təkcə mən vermirəm, birlikdə verilir. Mənim də fikrimə hörmətlə yanaşırlarsa, çox sevinirəm, ən azı jurnalistlərin klubla problemləri olmaması üçün çalışıram.

- Deyək ki, "Neftçi"də ağı qaradan seçməyə cəhd edirlər. Amma digər klublarda… Məsələn, özünü peşəkar sayan "Qarabağ" reklam məsələsində 20 nəfər oxucusu olan saytın işini ictimai düşüncəyə təsiri o saytdan 200 dəfə çox olan qəzetin işindən yüksək qiymətləndirir.

- Başqa klubların bu məsələdə hansı prinsiplər əsasında işlədiyini deyə bilmərəm. Amma belə yanaşma ədalətsizlikdi.

- Azərbaycanda idman jurnalistikası 3-4 klubun verdiyi reklamdan asılıdı. Klublar da bunu əsas tutub, belə mövqe ortaya qoyurlar: reklamını al, məni tənqid etmə…

- Razılaşaq ki, bəzi jurnalistlər var, tənqid edəndə də əsassız tənqid edirlər. Məsələn, "İnter"lə oyunda Kamil Nurəhmədovun start heyətdə oynaması əsas müzakirə mövzusuna çevrildi. Ancaq mən Gündüz olaraq, Mirhüseynlə onun arasında fərq görmürəm. İstənilən halda, onlara uduzacaqdıq. Orda hansı başqa kobud səhv var? Ancaq mətbuat yapışdı Kamildən…

- Bu yaxşı haldı ki, mətbuat "Neftçi"nin uduzmasını istəmirdi. Belə məqamda mətbuat variantları götür-qoy etməli, "Kamil yox, Mirhüseyn oynasaydı, daha effektli olardı" tipli versiyalar səsləndirməlidi. Bu tənqiddən qeyzlənməyə dəyməz, bu, mətbuatın işidi, yazmalıdı.

- Məni yandıran, təsir edən bilirsiz nədi? Gəlin jurnalistləri yığaq və "Neftçi"nin hansı taktika ilə oynadığını soruşaq. Və yaxud rəqibimizin hansı taktiki düzülüşlə oynadığını soruşaq. İnandırım sizi, çoxu bilməyəcək. Sözümün qüvvəti odu ki, futbolu anlamayan, bilməyən, anlayışı olmayan tənqid edir.

- Azərbaycan jurnalistikasında "bardaq" mühit yaradan klublardı. "Partizan"la oyuna neçə jurnalist aparmışdız?

- 14.

- Neçə müraciət olmuşdu ki, 14-nü apardız?

- Sayı-hesabı yox idi.

- Bəs "Neftçi" – "İnter"

oyununa neçə jurnalist gəlmişdi?

- 180-200 jurnalist qeydiyyatdan keçmişdi.

- Bəs nə qədər yerli jurnalist müraciət etmişdi?

- Hardasa 100-ü keçmişdi. Maraqlıdı, Azərbaycanda idman mətbuatında 100 jurnalist varmı? Saytlar var ki, bir xəbərini maksimum 20 nəfər oxuyur, 7 nəfəri qeydiyyatdan keçirməyi tələb edirdi. Ölkənin tanınmış qəzetləri, TV-ləri heç bu qədər akkreditasiya üçün müraciət etməmişdilər. Oyuna 3-4 saat qalmış mənə dedilər ki, stadionun qarşısında media üçün bilet satırlar. Bu mənə pis təsir etdi, özümü təhqir olunmuş kimi hesab etdim. Getdim gördüm ki, həqiqətən də media biletləri satılır.

"Aslan Şahgəldiyevə dedim ki, görürsən…"

- Gələk, "Neftçi"nin "Turan"la oyununa. Bu oyunda neçə jurnalist vardı?

- Klubun vitse-prezidenti Tahir Süleymanov dedi ki, oyundan qabaq get stadiona, jurnalistləri yerləşdir. Oyunun başlanmasına 10 dəqiqə qalmış gördüm ki, cəmi 3 jurnalist gəlib: Kənan Məstəliyev, Həbib Aslanov və Rövşən. Oyun başlayandan sonra daha iki nəfər gəldi. PFL-in mətbuat katibi Aslan Şahgəldiyevə dedim ki, görürsən, bir azdan hamı səfər davası edəcək, amma indi cəmi 5 jurnalist var. Səfər davası edənlər heç olmasa "Turan"la oyuna gələrdilər, oturardılar orda, mən də görərdim. İndi artıq telefonum susmur, zəng edirlər ki, bəs səfərə aparacaqsız. Elə saytlar var ki, mənə deyir bizi niyə aparmırsız? Deyirəm, sən idman saytı deyilsən, ictimai-siyasi saytsan. Xəbər lentini açıram, 10 xəbərdən biri idmanla bağlı olur. "Neftçi" barədə isə gün ərzində bəlkə də bir xəbər belə vermirsiz. Amma açıram "rekord.az"ı, "fanat.az"ı, "Neftçi"ylə bağlı ən azı 3-4 xəbər görürəm. At kimi üzümə durur ki, mənim saytım onlardan çox oxunur. Deyirəm, sənin saytını ona görə oxuyurlar ki, sən Bagiranın lüt şəkillərini qoyursan, həmin adamlar ona baxır. Ancaq 4-5 min istifadəçisi olan idman saytlarına girənlər "Neftçi"ylə bağlı xəbərləri axtarır. Mənə belə saytlar maraqlıdı.

- "Neftçi"də çalışdığın müddətdə müəyyənləşdiribsən ki, klublardan reklamı alıb futbolun təbliği üçün çalışanlar kimdi, cibinə qoyanlar kimdi?

- Təbii ki.

- Bəs başqa klublarda bu niyə belə deyil? Bu, Azərbaycan futbolunun problemidi axı…

- Razıyam. Elə qəzetlər, saytlar var ki, bir qəpik almağa layiq deyil, ancaq 3-5 manat alır, sonra gəlir deyir ki, 10 manat verin. Deyirəm niyə? Öndə gedənlər də 10 manat alsın, sən də?

"Gündüzün "vurulma" ehtimalı yoxdu"

- Biz jurnalistlərə elə gəlir ki, klub idarə etmək çox asandı. Sadəcə, klublarda marketinq, transfer işləri düzgün qurulmur. Məsələn, bizə görə Azərbaycanda bir qrup "moşennik" menecerlər var, onlar "moşennik" klub rəsmiləriylə işbirliyi quraraq gətirdikləri futbolçuları komandaya sırıyırlar… Jurnalistikanı klub funksionerliyinə dəyişmiş şəxs kimi deyə bilərsənmi, əslində vəziyyət necədi?

- Şəxsən "Neftçi" adına deyə bilərəm ki, bizdə belə deyil. Heç kim bizə futbolçu sırımayıb. Düzdü, Rodriginyoda bir az şanssızlıq oldu. Ad çəkmirəm, amma digər klublarımızın transferlərinə baxın. Gəl razılaşaq ki, "Neftçi" qismən Azərbaycan futbolundan aralanıb. Bunun nəticəsidi ki, komanda Avropa Liqasının qrupunda çıxış edir. Səmimi deyim ki, kluba sadəcə Sadıq Sadıqov kimi başçı lazım idi. Gəldi, yerli məşqçiyə güvəndi, komandadan bir çox futbolçu göndərildi və yeniləndi. Uğurun digər səbəbi, klubun – ailənin içində olanların kənara çıxmamasıdı.

- Azərbaycan reallığında həmişə qruplaşmalar olub. ANS-də çalışdığın vaxt qruplaşmada olubsan və "Neftçi"yə gəldikdən sonra qruplaşma ilə qarşılaşmısan?

- 10 il ANS-də işləmişəm, heç vaxt qruplaşma olmayıb. Bəlkə olub, amma mən heç bir qrupun üzvü olmamışam. Mənim üçün xoşbəxtlikdi ki, "Neftçi"də də belə halla qarşılaşmamışam. Klubda bir qrup var, o da Sadıq Sadıqovun ətrafında birləşib, eyni hədəfə vurmaq üçün. Hiss etsəm ki, mənə qarşı hansısa qruplaşma formalaşıb, o dəqiqə gedərəm "Neftçi"dən.

- Deməli, Gündüz "Neftçi"dən qəfil getsə, bizim haqqımız olacaq ki, klubda qruplaşma olmasından şübhələnək…

- Yox, başqa səbəblər də ola bilər. Məni istəməsələr, o başqa məsələ.

- Hansısa qruplaşmanın üzvü olmayan adamı tez "vururlar". "Neftçi"də "vurulmaqdan" qorxmursan?

- Gündüzün "vurulma" ehtimalı yoxdu. Qruplaşma olmadığına görə "vurulma" ehtimalım sıfıra bərabərdi.

"Anladım ki, hələ heç nə bilmirəm"

- "Neftçi" iki il ardıcıl çempion oldu, Avroliqanın qrupuna düşdü. Klubda Sadıq Sadıqovdan tutmuş sənə kimi, hamının postunda gözü olanlar var. Bu faktla razısan?

- Ola bilər.

- Hazırın naziri olmaq istəyənlər var da…

- Gündüzün postunda kimin gözü ola bilər? Elə də böyük post deyil. Biz bir ailəyik və həmişə birlikdə mübarizə aparmışıq. Sənlə razıyam ki, hazırın naziri olmaq istəyənlər var. Bu uğura sevinənlərin sayı sevinməyənlərin sayından azdı.

- Azərbaycanı avrokubokların qrup mərhələsində təmsil edən ilk klubumuzun mətbuat xidmətinin rəhbərisən. Bu necə hissdi, bir də yeni nəsə öyrəndinmi bu tipli qarşılaşmalardan?

- Əvvəlcə bunun mənəvi tərəfini deyim. Sözün həqiqi mənasında Avroliqanın qrup mərhələsində mübarizə aparan ilk Azərbaycan komandasında çalışmaq olduqca qürurvericidi. Bu hissləri sözlə ifadə etmək mümkünsüzdü. Sırf işlə bağlı peşəkar amillərə gəlincə, elə bilirdim ki, klubun mətbuat xidmətinin işiylə bağlı hər şeyi bilirəm. Ancaq Avroliqanın qrup mərhələsinə düşəndən sonra anladım ki, hələ heç nə bilmirəm. Sevinirəm ki, bilmədiklərimi tez öyrəndim.

"Ədalətsizlikdi…"

- "Neftçi"nin mətbuat xidmətində neçə nəfər çalışır?

- 10-a yaxın.

- Çox deyil səncə?

- Deyərdim, azdı. "İnter"i udmaq istəyirik, ancaq onların 80-ə yaxın mətbuatla işləyən işçisi var.

- "Komanda"nı 5 nəfərlə çıxarırıq və onların birgə məvacibini klubların mətbuat xidmətində çalışan bir nəfər alır. Amma bu 5 nəfərin Azərbaycan futbolunun təbliğinə verdiyi töhfə bütün klubların mətbuat xidmətlərinin gördüyü işdən çoxdu. Səncə, bu ədalətsizlik deyil?

- Ədalətsizlikdi…

- Səni ANS-dəki iş yorurdu, yoxsa "Neftçi"dəki?

- "Neftçi"dəki. Klub işi çox ağır işdi. ANS-də materialı hazırladım, montaj elədim, vəssalam. Ancaq burda tam fərqlidi. Telekanalda şənbə və bazar günləri istirahət olurdu, klubda isə həmin günlər oyunlarımız olur. Amma onu deyim ki, ANS-də öz işimdən necə həzz alırdımsa, burda da elə həzz alıram.

- Jurnalist kimi yaradıcı işdən uzaqlaşmaq səni sıxmır?

- Sıxır.

- Boşluğu nə ilə doldurmaq istəyirsən?

- Hərdən yazmaq istəyirəm, ancaq yazmağa da vaxtım olmur. Amma onu da deyim ki, bir-iki yazı yazmışam.

- Yazdıqlarını "Neftçi"dən uzaqlaşdıqdan sonra çap etdirəcəksən?

- Yox, niyə ki?

- Onda həmin yazıları "Komanda"da verərik.

- Olar.

- Onda oxuculara sənin adından söz veririk…

- Siz söz verirsiz?

- Bəs neynəyək?

- Vaxtı və vədəsi var…

Ceyhun Məmmədov ("KomandA" qəzeti)

Bütün xəbərlər Facebook səhifəmizdə