Yığma komanda Naxçıvanda hazırlığa başladı

Yığma komanda Naxçıvanda hazırlığa başladı

Gələn il aprelin 6-dan 13-dək Özbəkistanın paytaxtı Daşkənddə ağır atletika üzrə yeniyetmələr arasında dünya birinciliyi keçiriləcək. Siasport.az saytının məlumatına görə, bu yarış eyni zamanda yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Xatırladaq ki, 2010-cu ildə Sinqapurda keçirilmiş yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycan idmançısı Nicat Rəhimov 69 kq çəki dərəcəsində uğurla çıxış edərək, qızıl medal qazanmışdı.

Azərbaycanın yeniyetmə ağırlıqqaldıranları ikinci olimpiadaya lisenziya qazanmaq üçün qarşıdakı dünya birinciliyinə daha ciddi hazırlaşırlar. Bu məqsədlə yığma komandamız baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində yerləşən Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb.

Noyabrın 3-dək davam edəcək təlim-məşq toplanışına 12 idmançı cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə