Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti dünyanın ən məşhur futbol klublarından olan "Mançester Yunayted"lə tərəfdaşlığa başlayıb. Siasport.az saytının məlumatına görə, üçillik tərəfdaşlıq müqaviləsi çərçivəsində "Bakcell" şirkəti bütün MDB məkanında "Mançester Yunayted"in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq bu komandanın ölkədəki azarkeşlərinə və 2.6 milyondan artıq "Bakcell" abunəçisinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edəcək. "Bakcell" eyni zamanda məşhur olan futbol klubu ilə əməkdaşlıq quran ilk Azərbaycan şirkətidir.
"Bakcell"in rəsmi "Mançester Yunayted" mobil xidmətlər paketinin abunəçiləri klubun ən son xəbərləri, son oyunların video görüntüləri, rinqtonlar, divar kağızları və s. əldə edəcəklər. "Bakcell", həmçinin klubun rəsmi "MUTV" televiziya kanalını Azərbaycanda yaymaq hüququna malik olub, futbol azarkeşlərinə futbolçuların son müsahibələri və səhnəarxası çəkilişlərini izləmək imkanını verəcək.
"Bakcell" və "Mançester Yunayted" arasında əməkdaşlığa həsr olunmuş xüsusi wap portal fəaliyyət göstərəcək. Həmin portal vasitəsilə abunəçilərə klubla bağlı xəbərlər, videolar, canlı skor, divar kağızları, rinqtonlar, çağırış siqnalları və s.kimi müxtəlif xidmətlər təklif olunacaq, tədbirlər və s. haqqında məlumat yerləşdiriləcək.
Əməkdaşlıq müqaviləsinin imzalanması ilə bağlı "Bakı Biznes Mərkəzi"ndə mərasim təşkil olunub. Tədbirdə çıxış edən klubun Əlaqələr üzrə Direktoru Nick Hamfreys tərəfdaşlıq barədə danışıb: "Mançester Yunayted" Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkəti ilə əməkdaşlıq etməkdən çox məmnundur. Yeni müqaviləmiz "Mançester Yunayted" üçün daha bir ilkdir, çünki bu, Azərbaycanla olan yeganə əməkdaşlığımızdır. Azərbaycanlı azarkeşlərimizin sayı gündən-günə artır və biz inanırıq ki, "Bakcell" şirkəti ilə iş birlliyimiz azarkeşlərimizə sevdikləri kluba daha yaxın olmaq imkanı yaradacaq".
"Bakcell" şirkətinin Baş İcraçı Direktoru cənab Riçard Şirer də əməkdaşlıq haqqında fikirlərini bildirib: "Azərbaycanın ilk mobil operatoru "Bakcell" daim "ilklər" şirkəti olub və dünyanın bir nömrəli futbol brendi olan "Mançester Yunayted"lə əməkdaşlıq bunun daha bir əyani sübutudur. "Bakcell" tək Azərbaycanda yox, bütün MDB məkanında dünyanın ən böyük futbol klublarından biri ilə əməkdaşlıq edən ilk şirkətdir. Bu əməkdaşlıq sayəsində "Bakcell" müştəriləri, "Mançester Yunayted" azarkeşləri, ölkənin və bütün regionun futbolsevərləri futbola və "Mançester Yunayted"ə daha yaxın olacaqlar".
Qeyd edək ki, mərasimdə "Mançester Yunayted"in əfsanəvi futbolçusu Peter Şneyxel də iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB