2011/2012-ci il Unibank Premyer Liqasının qaliblərinin mükafatlandırılması mərasimində AFFA prezidenti Rövnəq Abdullayev çıxış edib. Siasport.az saytının məlumatına görə, R.Abdullayev əldə olunan uğurlara görə futbolçuları təbrik edib: "Gec də olsa, ötən mövsümün qaliblərinin mükafatlandırılması mərasiminə toplaşa bildik. Cənab prezident İlham Əliyev bu ili "İdman ili" elan etdikdən sonra uğurlar bir-birini sıraladı. Ötən mövsümün qalibələrinin mükafatlandırılması mərasiminin gecikməsinin səbəbi də əslində bu idi. Olimpiyadada qazandığımız uğurlar, daha sonra U-17 qızlar arasında Dünya Çempionatının ölkəmizdə yüksək səviyyədə keçirilməsi idmana olan dövlət qayğısının nümunəsidir. Azərbaycan xalqı artıq belə uğurlara öyrəşib. Ölkəmizdə "İdman ili" elan olunduqdan sonra bu sahədə inkişaf nəzərə çarpır. Eyni zamanda, futbolun da inkişafı göz önündədir. Premyer Liqa daha da maraqlı keçir, beynəlxalq arenada yaxşı nəticələr əldə olunur. Ölkəmizdə bir neçə idman kompleksləri ilə yanaşı, yeni stadionlar - "8-ci kilometr" stadionu, "Bayıl Arena" stadionu tikilib istifadəyə verilib. "Şəfa" stadionu təmir olundu, "Bakı" klubunun bir neçə yeni meydançası tikildi. İnanıram ki, 2012/2013-cü il mövsümündə Premyer Liqanın oyunları daha maraqlı olacaq. Bu da klublarımızın Avropadakı çıxışlarına müsbət təsir göstərəcək. "Neftçi" Azərbaycan futbolu tarixində ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bu, böyük uğurdur. Klublarımızın gələcəkdə qarşılarına qoyulan minimum vəzifə qruplara düşməkdən ibarət olacaq. İnanıram ki, növbəti mövsüm klublarımız üçün daha uğurlu olacaq. Cari çempionatın daha da yüksək səviyyədə keçəcəyinə ümid edir və klublarımızın Avropa kuboklarında bizi sevindirəcəklərinə inanıram. Bütün komandalarımıza, idmançılarımıza uğurlar arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB