Vüqar İsgəndərov: "Bu, bütün ictimaiyyəti sevindirir" MÜSAHİBƏ

Vüqar İsgəndərov: "Bu, bütün ictimaiyyəti sevindirir" MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyasının Şəki şəhər təşkilatının sədr müavini, Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərovun Siasport.az saytına müsahibəsi:

- Azərbaycanda keçirilən FİFA U-17 qadınlararası dünya çempionatını necə dəyərləndirirsiniz?

- Son illər Azərbaycan idman ölkəsi kimi dünyaya səs salıb. Bu, bütün ictimaiyyəti sevindirir. Ölkənin tanıdılmasında idmanın çox böyük rolu var. Hazırda Azərbaycanda keçirilən FİFA-nın 17 yaşlı qadınlar arasında dünya çempinatı göstərir ki, Azərbaycan həqiqətən də daha yüksək səviyyəli yarışlar təşkil edə bilər.

- Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) üzvləri Azərbaycanda keçirilən "Gənc Jurnalistlər Proqramı" çərçivəsində Şəkidə oldular...

- Beş qitəni təmsil edən jurnalistlərin Azərbaycana gəlişi bizi sevindirir. Bu o deməkdir ki, bu jurnalistlərin hər biri Azərbaycan idmanı haqqında, ümumiyyətlə Azərbaycanın bütün sferalarda inkişafı haqqında öz ölkəsində geniş məlumat verəcəklər. Hazırda biz görürük ki, onlar informasiyaları öz ölkələrinə ötürürlər və müxtəlif media orqanlarında dərc edirlər. Qonaqların bu gün Şəkidə olması sevindirici haldır. Onlar bizim bölgələrimizlə, Respublikamızın sosial-iqtisadi inkişafı ilə tanış olurlar. Təkcə Bakının yox, bütün regionlarımızın inkişafının şahidi olurlar. Şəkidə tarixi mənbələr yerləşdiyi üçün onların burada olması həm də bizim qədim tarixə malik olmağımızdan xəbərdar olmalarına köməklik göstərir. Mən inanıram ki, onlar öz məqalələrində idmanla bərabər, inkişafda olan infrastrukturumuzu, mədəniyyətimizi, tarixi abidələrimizi də işıqlandıracaqlar.

- Bizdə olan məlumata görə, Şəkidə möhtəşəm mini-futbol yarışı keçiriləcək...

- Bu il Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 20 illik yubileyini böyük bayram təntənəsi ilə qeyd edəcəyik. Bayram tədbirləri çərçivəsində mini-futbol turniri də keçiriləcək. Bu yarış zonalara bölünüb. Şəkidə təşkil olunacaq turnirə regionumuzun Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və Şəki şəhərlərinin komandaları qoşulacaqlar. Ayın 10-da yarışın açılış mərasimi olacaq. Şəki İdman Kompleksində təşkil olunacaq yarışın final oyunu ayın 14-də baş tutacaq. Hazırda turnirin hazırlıqları gedir. Yubileylə bağlı digər tədbirlərə də hazırlaşırıq. Bir çox dəyirmi masalar, konfranslar, müxtəlif idman yarışları təşkil olunacaq. Bütün YAP üzvlərini və xalqımızı təbrik edirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə