Yaxın günlərdə "Kəpəz" klubu azarkeşlərini növbəti müjdə ilə sevindirəcək. Siasport.az saytının məlumatına görə, klubun rəsmi saytı yeniləndikdən sonra istifadəyə veriləcək. Artıq bu yöndə işlərə bir müddət öncə start verilib. Azarkeşlər www.pfckapaz.com yazmaqla yeni sayta daxil ola biləcəklər. Bu haqda məlumatı klubun mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov verib: "Çoxdandır ki, bununla bağlı rəhbərlik səviyyəsində söhbət gedirdi və nəhayət ideyamızı reallaşdırdıq. Hazırda saytda son texniki tamamlama işləri gedir və proses qarşıdakı 3-4 gündə yekunlaşacaq. Saytın hazırlanmasını Gəncədəki peşəkar dizayn qrupa həvalə etmişik. Çalışırıq ki, elektron ünvanımızda fanatları maraqlandıran bütün mövzuları əhatə edək. Saytda xəbərlər, fotoreportajlar və video görüntülər olacaq. Bununla yanaşı fanatlarımızı maraqlı rubrikalar və müsahibələr gözləyir. Bloq bölümündə azarkeşlər öz rəy və təkliflərini, fikirlərini, eləcə də komanda ilə bağlı suallarını verə biləcəklər. Baş məşqçi və futbolçularla sual-cavab etmək, onların maraqlı söhbətlərini oxumaq imkanları da olacaq. Gəncə futbolunun tarixi ilə bağlı bölmənin də hamını yaxından maraqlandıracağını düşünürəm. Şəhərimizin digər komandası olan "Tərəqqi"ni də yaddan çıxarmamışıq. Gəncənin təmsilçisi olduğundan bu klubla da bağlı mütamadi xəbərlər yerləşdirəcəyik."
M.Rəhimovun bildirdiyinə görə, klubun köhnə saytından fərqli yeni elektron versiyada xeyli dəyişikliklər olacaq: "Demək olar ki, köhnə saytdan əsər-əlamət qalmayıb. Fanatlarımız yeni bir dizayn, fərqli bir sayt görəcəklər. Rəhbərliklə bu mövzuda söhbətimiz olub və planlaşdırmışıq ki, sayt işləyəndən sonra daha bir yenilik edək. Yəni azarkeşlərimiz internet portal vasitəsilə canlı olaraq oyunları izləyə bilsinlər. Hazırda bunun texniki imkanlarını araşdırırıq. Tamaşaçıların ev matçları ilə yanaşı səfər görüşlərini də izləməsi üçün səy göstərəcəyik. Ümumiyyətlə, digər saytlardan fərqlənməyə çalışacağıq. Bu, həm xəbərlərin və rubrikaların bolluğu, gündəlik yenilənmə, həmçinin video görüntülərin, fotosessiyaların çoxluğu ilə özünü göstərəcək. "Tam sərbəst" adlı rubrikamız var ki, fanatlar onu çox bəyənəcəklər. Burada futbolçunun şəxsi həyatına toxunmamaq şərti ilə futboldan kənar işlərindən, hobbilərindən, həyatında baş berən maraqlı hadisələrdən söhbətlər olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB