"Qalatasaray" "Qəbələ"ni qola həsrət qoydu

"Qalatasaray" "Qəbələ"ni qola həsrət qoydu

Təlim - məşq məqsədilə İstanbula yollanan "Qəbələ"nin 16 yaşa qədər futbolçulardan ibarət komandası qardaş ölkədəki hazırlıq prosesinə yekun vurub. Siasport.az saytının məlumatına görə, səfər müddətində "Beşiktaş"lı (2:2) və "Fənərbaxça"lı (1:1) həmyaşıdları ilə qüvvəsini sınayan təmsilçimiz son yoxlama oyununda "Galatasaray"la üz-üzə gəlib. İlk iki rəqibdən fərqli olaraq "sarı - qırmızılılar" 97-ci il təvəllüdlü futbolçulara qarşı əsasən 96-cı il təvəllüdlü futbolçularla mübarizə aparıblar.

Matç tərəflərin qarşılıqlı hücumları ilə start götürüb. Lakin dəqiqələr irəlilədikcə meydan sahibləri üstünlüyü ələ keçiriblər. 6 gündə 3-cü oyununa çıxan "Qəbələ"də hiss olunan yorğunluq komandanın oyununa və nəticəyə təsirsiz ötüşməyib. Təmsilçimiz matç boyunca rəqibin qapısı önündə bir neçə əlverişli epizod yaratsa da, fəqlənə bilməyib. Əvəzində "Qalatasaray" əlinə düşən imkanlardan maksimum yararlanıb və matçdan 3:0-lıq qalibiyyətlə ayrılıb.

Matçdan sonra "Qəbələ" Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı oyun barədə fikirlərini bölüşüb: "6 gün ərzində 3-cü oyunumuzu keçirdik. Rəqiblərimiz yüksək səviyyəli komandalar oldu. Bu matçdan öncəki qarşılaşmalarda rəqiblərinə qarşı mübariz oyun nümayiş etdirən futbolçularımızda bu gün fiziki baxımdan yorğunluq hiss edilirdi. Üstəlik "Galatasaray"ın 96-cı il təvəllüdlü futbolçularına qarşı mübarizə apardıq ki, bu da akademiya komandaları üçün çox vacib faktordur. Bütün bunlara baxmayaraq, komandamız oyunun bəzi məqamlarında mübarizəni istədiyimiz səviyyəyə çatdıra bildi. Futbolçularımızın 0:2 hesabı ilə geridə olsa da oyundan qopmamaları, həvəsdən düşməmələri və psixoloji cəhətdən "sınmamaları" da önəmli və müsbət məqamlardandır ".

Bütün xəbərlər Facebook səhifəmizdə