"Qəbələ" "Fənərbaxça" ilə heç-heçə etdi

"Qəbələ" "Fənərbaxça" ilə heç-heçə etdi

İstanbulda təlim-məşq toplanışında olan "Qəbələ"nin 16 yaşa qədər futbolçulardan ibarət komandası qardaş ölkədə ikinci yoxlama oyununu keçirib. Siasport.az saytının məlumatına görə, bu dəfə təmsilçimizin rəqibi Türkiyənin ən tanınmış klublarından sayılan "Fənərbaxça" olub.

Dərəağzı Təsislərində baş tutan matçın ilk hissəsi bərabər mübarizə şəraitində keçib. Tərəflərin qarşılıqlı hücumlarına baxmayaraq, birinci yarıda hesab açılmayıb.

İkinci hissəyə "Qəbələ" daha sürətli başlayıb. Lakin hücuma aludə olan komanda əks-hücumda yaxalanıb və qapısında qol görüb. Hesabda geri olmasına baxmayaraq ruhdan düşməyən 16 yaşlılar hücumlarının kəsərini artırıblar. Bunun məntiqi nəticəsi kimi "Fənərbaxça"nın qapısı önündə ardıcıl təhlükəli vəziyyətlər yaranıb. Öncə komandanın kapitanı Romal Hüseynov diqqət mərkəzinə düşüb. O, fərdi ustalıgı sayəsində müdafiə xəttini yarsa da, sonda zərbəsi qeyri-dəqiq alınıb. Ardından isə Fərid Əsədli əlverişli epizodu dəyərləndirə bilməyib. Futbolçu qapı önünə ötürülən topa başla toxunsa da qol olmayıb. İstanbulluların müdafiə xəttini təzyiq altında saxlayan "Qəbələ"nin növbəti şansı Ülvi İskəndərovun hesabına yazılıb. Lakin o da qeyri-dəqiqliklə yadda qalıb. Matçın 80-ci dəqiqəsində "Qəbələ" nəhayət ki, öz istəyinə çatıb. Çingiz Hüseynovun ideal ötürməsini Coşqun Süleymanov qapıçının başı üzərindən tora göndərib - 1:1. Qarşılaşmanın qalan dəqiqələrində "Qəbələ"nin daha bir neçə fərqlənmək imkanı olsa da, hesab dəyişməyib və "Qəbələ" İstanbuldakı ikinci yoxlama oyunundan da heç-heçə ilə ayrılıb.

Xatırladaq ki, "Qəbələ" ilk oyunda "Beşiktaş"la sülh bağlamışdı - 2:2. Növbəti görüş sentyabrın 28-də baş tutacaq. Təmsilçimiz "Galatasaray"la münasibətlərinə aydınlıq gətirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə