Çin 94-cü dəqiqədə qalibiyyəti əldən verdi

Çin 94-cü dəqiqədə qalibiyyəti əldən verdi

FİFA U-17 qadınlararası DÇ-nın daha bir maraqlı qarşılaşması Bakının Bayıl stadionunda keçirilən ilk dövrənin qalibləri arasında olan matç idi. Siasport.az saytının məlumatına görə, D qrupunda Almaniya və Çin komandaları ilk turda müvafiq olaraq Qana və Uruqvay yığmaları üzərindəki qələbədən sonra şərikli lider idilər.

Uruqvayı məğlub etdikdən sonra Almaniya komandasının niyyəti artıq bəlli idi: Çin üzərində qalibiyyət qazanmaqla 1/4 finala vəsiqəni təmi etmək. İlk dəqiqələrdən də almanlar oyunda daha üstün tərəf kimi görünürdülər. İlk 5 dəqiqədə avropalılar rəqib qapısı qarşısında ardıcıl təhlükəli vəziyyətlər yaratdı. Komanda yoldaşlarından ötürmə alan Vivien Beil çinli qapıçı Lu Feifei uzaqdan zərbə ilə sınağa çəksə də gənc qapıçı inamlı oyunu ilə hesabın erkən açılmasına imkan vermədi.

Bir qədər sonra Çin komandası özünü toparlayaraq almanların qapısı qarşısında ilk təhlükəli vəziyyətlərini yaratdı. Zhang Çenin təkbaşına müdafiə xəttini yarıb keçsə də onu son anda müdafiəçi Lena Lückel dayandırdı.

Bundan dörd dəqiqə sonra asiyalılar istəklərinə nail oldular. Oyunun on birinci dəqiqəsində komanda yoldaşı Li Mengwendən ötürmə alan Miao Siwen təxminən 15 metrdən topu mükəmməl zərbə ilə qapıya yolladı.İlk qoldan sonra oyun əsasən sakit məcrada meydanın mərkəzində keçdi.

İkinci hissə birinci hissənin sonu kimi başladı: sürətli və sıx. Lakin daha üstün tərəf Çin komandası idi. Li Mengwen və Zheng Chen Almaniyanın müdafiəsində qarışıqlıq yaradırdı.

Lakin hissənin sonlarına doğru məğlubiyyətlə heç cür barışmaq istəməyən almanlar oyuna əlavə olunmuş 4-cü dəqiqədə bərabərlik topuna imza atdılar. Sərbəst zərbədən sonra topu başı ilə qapıya göndərən Rikarda Kiesslinq komandasının xilaskarı oldu.

Zhang Chonglai - Çin komandasının baş məşqçisi

"Oyun son dəqiqələrdə yol verdiyimiz səhv ucbatından 1:1 hesabı ilə heç-heçə nəticələnsə də futbolçularımın göstərdiyi performansdan razıyam. Almaniya ən güclü komandalardan biridir. Onlar uzun illərdir ki, qadın futbolu ilə məşğuldurlar və bütün yaş qruplarında dünya çempionatlarında iştirak edirlər. Biz isə hələ ki, ən aşağı yaş səviyyəsində çempionatlara qatılırıq. Buna görə də iştirak etdiyimiz ilk U-17 qadınlararası dünya çempionatında Almaniya kimi bir komanda ilə oyunda qazanılan bərabərlik məni razı salmaya bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə