"Qara şahzadələr" ilk 3 xalını qazandı

"Qara şahzadələr" ilk 3 xalını qazandı

FİFA U-17 qadınlararası DÇ-da D qrupunda keçirilən maraqlı qarşılaşmalardan biri də Uruqvay və Qana komandaları arasında keçirilirdi. Siasport.az saytının məlumatına görə, bundan əvvəl heç vaxt üz-üzə gəlməyən komandalar bu çempionatın ilk dövrəsini məğlubiyyətlə xalsız başa vurmuşdular. Bu baxımdan qalibiyyət həm cənubi amerikalılar, həm də afrikalılar üçün hava və su kimi lazım idi.

İlk dəqiqələr daha çox Qana komandasının topa nəzarəti ilə keçirdi və rəqib qapısı qarşısında təhlükə törədən ilk komanda da məhz, Qana komandası idi. İrəliləyən dəqiqələrdə ərazi üstünlüyünü ələ alan "qara şahzadələr" artıq uruqvaylı oyunçuların qapısı qarşısında daha çox təhlükəli vəziyyətlər yaradırdı.

Nəhayət, komanda istəyinə 8-ci dəqiqədə nail oldu. Sherifatu Sumailanın küncdən ötürdüyü zərbəni başla qola çevirən Jane Ayieyam oyunda vurulan ilk qolun sahibi oldu. İlk qoldan sonra oyun bir qədər sönük məcrada keçsə də 24-cü dəqiqədə uruqvaylı qapıçı Anabel Ubalın qaytardığı zərbəni Priscilla Okyere qola çevirdi.

25-ci dəqiqədə Yamila Badell təhlükəli vəziyyət yaratsa da Qana komandasının qapıçısı gözəl reaksiya ilə onun zərbəsini dəf etdi. Hissənin sonlarına doğru "qara şahzadələr" daha bir qol vuraraq ilk hissəni 3 top fərqi ilə öndə tamamlamaqla oyunun taleyini elə ilk hissədəcə həll etmiş oldu.
İkinci hissəyə də aktiv başlayan komanda sürətdə və fiziki cəhətdən amerikalıları açıq-aşkar üstələyirdi. Onlar ikinci hissədə demək olar ki, meydanda görünən yeganə tərəf idilər. Bunun məntiqi nətiəsi olaraq komanda ardıcıl 77 və 79-cu dəqiqlərdə daha iki qol vurmaqla üstünlüyünü 5 topa çatdıraraq, ilk qalibiyyətini əldə etmiş oldu.

Oyunu elə bu hesabla da başa vuran qanalılar indi bütün nəzərlərini Çin ilə qarşıdakı həlledici oyuna yönəldiblər.

Qrasiela Rebollo (Uruqvay komandasının baş məşqçisi)
"Oyun çox ağır keçdi. Edə biləcəyimiz hər şeyi etdik. Qana komandasının oyununa bələd idik və onların oyun tərzini öyrənmişdik. Ancaq fiziki qüvvələrimiz qeyri-bərabər idi. Qana daha sürətli oynayırdı ki, bu da oyunu bizim üçün ağırlaşdıran əsas amillərdən biri idi".

Bütün xəbərlər Facebook səhifəmizdə