Yaponiya məğlubiyyətsiz irəliləyir

Yaponiya məğlubiyyətsiz irəliləyir

FİFA U-17 qadınlararası DÇ-da ilk oyunda Meksika komandasına məğlub olan Okeaniya təmsilçisi Yeni Zelandiya komandası Yaponiya ilə matçda qalib gəlməklə 1/4 final mərhələsinə adlamaq yolunda önəmli bir addım atmış olacaqdı. Siasport.az saytının məlumatına görə, Nadeşiko isə qalib gələcəyi təqdirdə artıq bu vəzifənin öhdəsindən gələcəkdi.

Oyunun ilk hissəsi bir o qədər də gərgin başlamadı. Əsasən meydanın mərkəzində kəşfiyyat xarakterli oyun keçirdi. İrəliləyən dəqiqələrdə isə Yaponiya komandası getdikcə təşəbbüsü ələ almağa başladı. Ardıcıl bir neçə dəfə Zellandiyanın qapısı qarşısında təhlükə yaradan asiyalıların qarşısını qapıçı Lily Alfeld çətinliklə alırdı.

Zellandiya komandası hücum təşkil etməkdə çətinlik çəkir, asiyalılar isə zellandiyalı qapıçını sınağa çəkməkdə davam edirdilər. Bütün bu təhlükəli hücumlara baxmayaraq ilk hissədə hesab açılmadı və komandalar soyunub geyinmə otağına qolsuz bərabərliklə yollanmalı oldu.

İkinci hissə ilk hissəyə nisbətən daha maraqlı məcrada başladı və yenə də üstün tərəf yaponiyalılar idi. Onlar topu daha çox nəzarətdə saxlayır və ardıcıl təhlükəli hücumlar yaradırdılar. Bunun məntiqi nəticəsi olaraq 60 və 78-ci dəqiqələrdə komanda Haseqvanın vurduğu 2 qolla hesabda irəli keçdi.

Oyunun sonlarına doğru Zellandiya komandası təzyiqi artırsa da hesabda heç bir dəyişiklik yarada bilmədi. Əvəzində isə oyuna artırılan üçüncü dəqiqədə komanda öz cərimə meydançasındakı kobud oyunla qapılarına vurulacaq penalti zərbəsinə səbəb oldu. Yaranan fürsəti əldən verməyən yaponiyalı hücumçu Sumida 11 metrlik cərimə zərbəsini qola çevirərək yekunda komandasının 3 sıfırlıq qalibiyyətində əsas pay sahiblərindən biri oldu.

Hiroşi Yoşida (Yaponiya komandasının baş məşqçisi)

"İlk hissədə Yeni Zellandiyalılar çox gözəl müdafiə olundular və bizm onların sahələrinə daxil olmağa heç bir şansımız qalmadı. İkinci hissədə isə meydana Yui Hasegawanı buraxdıq və o, hücumda nə lazım idisə onu da etdi. Bilirdim ki, ilk qolu vursaq gerisi asan olacaq. Ona görə də hesabı açmağımızı istəyirdim. İlk hissədə daha çox qısa ötürmələrlə topu özümüzdə saxlayırdıq. İkinci hissə də isə qızlara boşluqlardan istifadə etmələrini tapşırdım və onlar bunun öhdəsindən layiqincə gəldilər".

Bütün xəbərlər Facebook səhifəmizdə