Fuad Zeynalov: "Rəqibə ona məxsus tərzlə qalib gəlmək lazımdır" MÜSAHİBƏ

Fuad Zeynalov: "Rəqibə ona məxsus tərzlə qalib gəlmək lazımdır" MÜSAHİBƏ

Üçqat dünya, ikiqat Avropa çempionu, "Sərhədçi" İdman Olimpiya Mərkəzinin baş məşqçisi, baş leytenant Fuad Zeynalovun Siasport.az saytına müsahibəsi:

- Bizdə olan məlumata görə, siz və yetirmələriniz Avropa çempionatına hazırlaşırsınız. Bu barədə məlumat vermənizi istərdik.

- Bəli, oktyabr ayının 22-23-ü Türkiyədə Avropa çempionatı keçiriləcək. Bu yarışa Azərbaycan komandası yüksək səviyyədə hazırlaşır. Komandanı baş məşqçi Bəhram Məcidov hazırlaşdırır. Yığmamız yarışda bütün çəkilərdə mübarizə aparacaq.

- Hazırlıq prosesi necə gedir?

- Hazırlıq altı aydır ki, davam edir. Fiziki hazırlıq üzərində isə dörd aydır işləyirəm. Texniki cəhətdən iki aydır ki, yığma komanda ilə birlikdə çalışırıq. Heyətdə əhval-ruhiyyə yüksəkdir. Bir-iki nəfər cavan idmançılarımızı çıxmaq şərti ilə, komandamız təcrübəli idmançılardan - dünya və Avropa mükafatçılarından ibarətdir. İnanıram ki, yığmamız həm şəxsi, həm də komanda hesabında vətənə uğurla qayıdacaq.

- Hansı ölkələrin idmançılarını daha çətin rəqib hesab edirsiniz?

- Belarus, Rusiya, Mərakeş, Hollandiya idmançıları yüksək səviyyədə hazırlıqlı olurlar. Yarışa yeni idmançılar qatılsa da, hər çəkidə 2-3 təcrübəli döyüşçü olacaq. Əsas rəqiblərim isə rus və belarus idmançılardır.

- Təcrübəli idmançılar rəqiblərinin video-yazısını izləyir, onların zəif tərəflərini axtarırlar...

- Əlbəttə ki, mən də internetdə rəqiblərimin bütün döyüşlərini izləyirəm. Bilirəm ki, onlar da mənim döyüşlərimı baxırlar. Öz saytım da var. Bundan əlavə, təcrübəli idmançıların məşqlərini və döyüşlərini izləyərək, onların taktikasını, fəndlərini öyrənirəm. Hər bir idmançının öz taktikası var. Rəqibə ona məxsus tərzlə qalib gəlmək lazımdır.

Sərhəd qoşunlarının komandiri, general-leytenant Elçin Quliyevə, "Sərhədçi" İdman Olimpiya Mərkəzinin rəisi Rövşən Kərimova minnətdarlığımı bildiriəm. Onlar bizə böyük şərait yaradıblar. Bu diqqət nəticəsində mən və digər idmançılarımız çox mötəbər yarışlarda öz sözümüzü demişik və Azərbaycan bayrağını yüksəltmişik.

Bütün xəbərlər Facebook səhifəmizdə