Berti Foqts Almaniyada futbolumuzdan danışdı MÜSAHİBƏ

Berti Foqts Almaniyada futbolumuzdan danışdı MÜSAHİBƏ

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Almaniyanın "Kicker" jurnalına müsahibə verib. Siasport.az saytı müsahibəni nəzərinizə çatdırır:

- 2008-ci ildən Azərbaycan yığmasının baş məşqçisisiniz. Bu müddət ərzində Azərbaycan futbolu necə inkişaf edib?
- Futbol son 4-5 ildə sürətlə inkişaf edib. İndi hətta kiçik oğlan və qızlar da futbola gedirlər. Əvvəl bu 16-17 yaşlılarla baş verirdisə, hazırda 12 yaşlılar da futbola maraq göstərirlər. Amma yenə də güləş, ağırlıqqaldırma daha öndədi. Elə şahmatda da Azərbaycan dünya liderlərindəndir

- Bəs siz hansı dəyişikliklər edə bilmisiniz?
- İndi hər komandada ən azı 4 yerli futbolçu meydanda olmalıdır. Əvvəl isə elə komanda olurdu ki, tamamilə legionerlərdən qurulmuş heyətlə meydana çıxırdı. İndi isə biri 21 yaşadək olmaqla, 4 azərbaycanlının olması zəruridir. Yerli futbolçular elə inkişaf edib ki, indi beynəlxalq oyunlarda da 3-4 azərbaycanlı meydana çıxır. Hərçənd, orada limit tətbiq olunmur.

- Futbolçuların mentalitetini Almaniya ilə müqayisə etmək olar?
- Azərbaycanda hələlik gündə 2 dəfə məşq etmək istəmirlər. Lakin onlar Mərkəzi Avropa futbolu ilə ortaq paralellər tapmalıdırlar. Lakin mən 1 dəfə Azərbaycan və alman futbolunu müqayisə etdim. Bu, 2 il əvvəl oldu. "Qarabağ"la "Borussiya" Avropa Liqasının təsnifat mərhələsində oynayırdı. Dortmund təmsilçisi bu matçdan sonra Bundesliqa oyununa çıxdı. Azərbaycanda isə Premyer Liqanın qarşılaşmaları təxirə salındı. "Borussiya" ilə matçdan sonra futbolçulara 3 gün istirahət verdilər. Heç bir hazırlıq olmadı. Alman klubu isə 14 məşq keçdi. Lakin irəli doğru hərəkət etmək lazımdır.

- Almaniya ilə fərqlər başqa nədə görünür?
- Meydanda futbolçular bir-birini tənqid etməməlidir. Lakin 90 dəqiqə buna şahid oluruq. Oyundan sonra bütün bunlar müzakirə olunmalıdır.

- Azərbaycanda infrastruktur necədi?
- Hər klubun ən azı 2 meydançası olan bazası var. 2008-ci ildə mən Azərbaycana gələndə bu yox idi. Komandalar eyni meydanda məşq keçirdi. İndi akademiyalardakı uşaqların 80 faizi yerlidir. Lakin onlar futbola gec başlayırlar. Belə də futbol instinkti formalaşmır. Bundan sonra onlara nə isə öyrətmək də asan deyil.

- Titul üçün deyil, inkişaf üçün çalışmağınız sizi bezdirmir ki?
- Burda çalışmasaydım, hansısa klubda idman direktoru, ya da müşavir olardım. Klubda çalışmaq isə mənlik deyil. Orada stress çox olur. Belə daha yaxşıdır ki, ayda 14 gün Azərbaycanda oluram, qalan vaxtımı "Borussiya"ma sərf edirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə