"Gənc Jurnalistlər Proqramı"nın açılış mərasimi keçirilib

"Gənc Jurnalistlər Proqramı"nın açılış mərasimi keçirilib

Bu gün Bakıda Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AİPS) İcraiyyə Komitəsinin iclası və "Gənc Jurnalistlər Proqramı"nın açılış mərasimi keçirilib. Siasport.az saytının məlumatına görə, "Park İNN" mehmanxanasında təşkil olunan tədbirdə AİPS-in prezidenti Covanni Merlo təşkilatın tarixi, fəaliyyəti və qarşıda görüləcək işlər barədə məlumat verib.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, Azərbaycanın olimpiya yığmasının Londonda qazandığı uğur barədə məlumat verib.

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti Yozef Blatter iclasın Azərbaycanda keçirilməsini yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycan mötəbər yarışlara yüksək səviyyədə təşkilatçılıq edir: "Biz də bunları nəzərə alaraq futbol üzrə FİFA U-17 qadınlararası dünya çempionatının ev sahibliyini Azərbaycana həvalə etdik".

Tədbirdə həmçinin danışılmış futbol matçlarının qarşısının alınması istiqamətində lazımi tədbirlərin görülməsi xüsusi vurğulanıb. Bunun üçün AİPS, yerli federasiyalar və milli lotoreya şirkətlərinin birgə əməkdaşlığı xüsusi vurğulanıb.

Qeyd edək ki, tədbir çərçivəsində qonaqlar Bakıda sentyabrın 22-də futbol üzrə 17 yaşadək qızlar arasında keçirilən dünya çempionatının təntənəli açılış mərasimində iştirak edəcəklər. 23 günlük Gənc Reportyorlar Proqramına AİPS-in 5 qitədən 19-25 yaşlar arasında gənc jurnalistlərdən seçdiyi 20 nəfər cəlb olunub. Onlar Bakıda 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının keçirildiyi 23 gün ərzində qarşılaşmaları birlikdə izləyəcək və hər biri öz ölkəsində təmsil etdiyi media qurumu üçün məqalələr hazırlayacaqlar. Onlar Bakıda Yerli Təşkilat Komitəsinin seçdiyi azərbaycanlı həmkarları ilə birgə çalışacaqlar.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə