Yozef Blatter: "Azərbaycan və onun paytaxtı Bakı müxtəlif sivilizasiyaların qovşağıdır"

Yozef Blatter: "Azərbaycan və onun paytaxtı Bakı müxtəlif sivilizasiyaların qovşağıdır"

FIFA prezidenti Yozef Blatter FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılışı ilə bağlı mətbuat konfransında fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, ali futbol qurumunun başçısı bu çempionatın Azərbaycanda keçirilməsinin qadın futbolunun inkişafı üçün böyük tarix olduğunu vurğulayıb: "Azərbaycan indiyə kimi DÇ keçirilən ölkələrdən çox fərqli məkandır. Azərbaycan və onun paytaxtı Bakı müxtəlif sivilizasiyaların qovşağıdır. Futbol bütün mədəniyyətlərə məxsus insanları birləşdirən bir oyundur. Prezident İlham Əliyevin bu çempionatın keçirilməsinə şəxsən diqqət və qayğısını qeyd etmək istərdim".

FIFA prezidenti dünya ulduzu Cenifer Lopezin açılış mərasimində çıxış etməyinin qadın futbolu üçün gözəl sürpriz olduğunu bildirib.

"Artıq qadın futbolunun keyfiyyəti artıb. Azərbaycanda keçirilən dünya çempionatının təşkilatçılığı da gözəldir. Yaxşı mühitin yaradılması bizim Azərbaycanda maraqlı oyunların şahidi olacağımıza ümid verir", - deyə o, əlavə edib.

Y.Blatter paytaxtımızın Yay Olimpiya Oyunlarının keçirilməsi üçün namizəd şəhər kimi qeydə alınmamasından təəssüfləndiyini deyib: "Azərbaycan yüksək səviyyədə təşəbbüskarlıq göstərib. Təəssüf ki, Bakı Yay Olimpiya Oyunlarının keçirilməsi üçün namizəd şəhər kimi qeydə alınmadı. Lakin infrastruktur işləri görülür. Azərbaycanda beynəlxalq səviyyəli yarışların keçirilməsi üçün bu çempionat mühüm rol oynayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə