Bu gün "Topaz" və Azərbaycan Peşəkar Futbol Liqası (PFL) strateji əməkdaşlıq haqqında müqavilənin imzalanmasına dair mətbuat konfransı keçirib. Siasport.az saytının məlumatına görə, konfrans zamanı PFL prezidenti Ramin Musayev və "Azərinteltek" Şirkətinin direktorlar şurasının sədri cənab Ahmet Geylani Sezer üç illik strateji əməkdaşlıq müqaviləsini imzalayıblar. Müqaviləyə əsasən 19 sentyabr 2012-ci il tarixindən etibarən "Topaz" Azərbaycan Premyer Liqasını dəstəkləyəcək və Azərbaycan Premyer Liqası bundan sonra "Topaz Premyer Liqası" adlandırılacaq. Mətbuat konfransında PFL-nın prezidenti Ramin Musayev imzalanan müqavilənin Azərbaycan futboluna böyük dəstək olacağını vurğulayıb: "PFL Azərbaycanda futbolun inkişafı naminə çalışan bir qurumdur. Bu baxımdan "Topaz"ın bizə dəstək olması Azərbaycan futbolunun daha da inkişaf edərək, böyük uğurlar əldə etməsinə yardım edəcək".
Öz növbəsində "Azərinteltek" şirkətinin direktorlar şurasının sədri Ahmet Geylani Sezer bu müqavilənin imzalanmasına böyük önəm verdiyi haqqında danışıb: "Topaz" Azərbaycan idman sahəsinin ayrılmaz bir hissəsinə çevrilən böyük bir layihədir. İmzaladığımız bu müqavilə idman və futbol sahəsinə verdiyimiz növbəti önəmli töhfədir. Mən inanıram ki, "Topaz"ın bu dəstəyi Azərbaycanda futbolun yayılmasına və nəticə etibarilə yerli klubların daha da inkişaf etməsinə, azerkeşlərin artırılmasına təkan verəcək. Məqsədimiz ölkə idmanının inkişafına dəstək verməklə yanaşı, Azərbaycanda sağlam idman iqtisadiyyatını yaratmaqdır".
Qeyd edək ki, mətbuat konfransı zamanı PFL-nın loqotipi təqdim edilib. Loqoda Azərbaycan futbol topu və onu hər tərəfdən əhatə edən alov təsvir edilib. Bu alov "Topaz"ın Azərbaycan futbol azərkeşlərində yaratdığı futbol həyəcanın alovudur.
Məlumat üçün bildirək ki, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, Fransanın "Lans" klubunun keçmiş prezidenti və Fransa Futbol Federasiyasının vitse-prezidenti Jerve Martel, həmçinin keçmiş futbolçular Jan Pyer Papen, Olivye Dakur, Jüslen Blonşar və futbol ictimaiyyətinin bir çox üzvləri də iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB