AZAL – "Qarabağ" oyunundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov istefa vermiş, ancaq klub rəhbərliyi istefanı qəbul etməyib. Siasport.az saytının məlumatına görə, bununla bağlı "İmarət" fan-klubu Qurban Qurbanovu dəstəkləyən bəyanat yayıb. Bəyanatı olduğu kimi təqdim edirik:
"Premyer Liqanın son turunda "Qarabağ"ımızın səfərdə 6 qol buraxaraq, AZAL-a yenilməsi əlbəttə ki, hər birimizi üzdü. Ancaq baş məşqçimiz Qurban müəllimin oyundan sonra "Komandadan getmək barədə rəhbərliklə danışacağam" deməsi bizə məğlubiyyətdən daha çox zərbə vurdu.
Azərbaycan futbolu adına saysız-hesabsız əməklər sərf edən, komandamızda əsaslı dəyişikliklər yaradan, "Qarabağ"la möhtəşəm uğurlara imza atan, böyük ürək sahibi, sadə və səmimi bir insan olan Qurban müəllimin komandamızın başından getmək təhlükəsi bu gün bizi çox narahat edir. Gəldiyi ilk gündən azarkeşlərin ürəyində taxt quran Qurban müəllim ən aqressiv vaxtımızda belə bizi başa düşüb, atdığı hər addımda azarkeş fikrini və amilini nəzərə alıb. Hazırda Azərbaycan çempionatında Qurban müəllimdən yaxşı bir məşqçi tapmayacağımızı düşünür, həm də "Qarabağ" adına görə tam səslə Qurban Qurbanovdan "Qarabağ"ın baş məçqçisi postunda qalmasını şəxsən xahiş və tələb edirik. Baş məşqçimizin də bizi yarı yolda buraxmayacağına və neçə oyundur ki, "Hər oyun 3 xalı almalıyıq biz, Qurbanla çempion olmalıyıq biz" şüarlarımızı və arzularımızı ürəyimizdə qoymayacağına inanır, bu çətin vaxtda bir daha məsuliyyəti öz üzərinə götürərək, hər şeyi yoluna qoyacağına bütün qəlbimizlə ümid edirik.
Bir daha "Qarabağ"ımıza və onun baş məşqçisi Qurban Qurbanova çətin gündə də dəstək olacağımızı duyurur, Qurban müəllimdən "Qarabağ"dan çempion olmamış getməməsini xahiş edir, rəhbərlikdən də bizim qürurumuzu heç bir yerə buraxmamağı tələb edirik.
Haydı, Qurban müəllim, çətin gündə biri-birimizi tək qoymayaq!!!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB