"Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik"

"Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik"

Bu gün Sheraton Baku Airport Hotel-də Azərbaycan milli komandasının futbolçuları Rəşad Sadıqov, Kamran Ağayev və Mahir Şükürovun iştirakı ilə mətbuat konfransı keçirilib. Siasport.az saytı futbolçuların səsləndirdikləri fikirləri nəzərinizə çatdırır:

Rəşad Sadıqov: "Sabah seçmə mərhələnin ilk oyununa çıxacağıq. İsrail yığması ilə görüşə yaxşı hazırlaşmışıq. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Hələ ki, Portuqaliya yığması ilə oyun barədə fikirləşmirik. Əsas diqqətimiz sabahkı oyuna yönəlib. Ən azı, məğlub olmamalıyıq. İsrail yığması zəif komanda deyil. Hər il stabil çıxış edir. Özündən zəif komandalarla görüşdə nadir hallarda xal itirir. Onlar qrupdan çıxmaq istəyirlər. Maksimum sərfəli nəticə qazanmağa çalışacağıq".

Mahir Şükürov: "Qələbə qazanmaq istəyirik. Bunun üçün var gücümüzdən istifadə edəcəyik. Doğma azarkeşlər qarşısında 3 xal götürmək fikrindəyik. Təbii ki, öz meydanımızda oynadığımız üçün qələbə qazanmağı çox arzulayırıq. Belə olsa, növbəti oyunda bizə əlavə ruh yüksəkliyi verəcək. Mənim cinahımda Yossi Benayun oynamalıdır. Artıq onun oyununu təhlil etmişəm, necə oynadığını bilirəm. Komanda yoldaşlarım da öz mövqelərində oynayan rəqib futbolçular haqda təhlillər aparıblar".

Kamran Ağayev: "Futbolda hər şey olur. Ölkəmizi təmsil edirik və həm İsrail, həm də Portuqaliya yığması ilə oyuna qələbə üçün çıxacağıq. Klubsuz olsam da, oyuna hazıram. Özümü daha yaxşı hiss edirəm. Məsuliyyəti dərk edirəm. Əsas sabah İsrail yığması ilə oyundur. Qələbə qazanmağa çalışacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə