Yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığmamız Dünya birincisidir
Taylandın Pattaya şəhərində keçirilən gənclərin dünya çempionatında yunan-Roma yarışları Azərbaycan pəhləvanlarının möhtəşəm uğuru ilə yadda qalıb. Siasport.az saytının məlumatına görə, böyük məşqçi İlqar Abdulov və məşqçi Fuad Əliyevin rəhbərliyi altında Taylanda yollanan yığmamızın üzvlərindən Murad Bazarov (50 kq), Eldəniz Əzizli (55 kq) və Ceyhun Əliyev (66 kq) keçirdiyi bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsün ən yüksək pilləsinə qalxıblar. 120 kq çəkili güləşçimiz Zaur Mehrəliyev isə bürünc medala layiq görülüb.
Bu 4 medal, eyni zamanda 9-cu yeri tutan Şamil Ertuqanovun (74 kq) millimizə qazandırdığı 2 xal yığmamızın 40 xalla komanda hesabında 1-ci yeri tutmasını təmin edib. 2-3-cü yerləri isə 38 xalla müvafiq olaraq Rusiya və Türkiyə komandaları bölüşüblər.
Xatırladaq ki, son bir ay ərzində Azərbaycan güləşçiləri iştirak etdikləri beynəlxalq yarışlarda öz qələbələri ilə xalqımızı sevindirib. Belə ki, Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan güləşçilərimiz Azərbaycan Olimpiya Hərəkatında yeni bir tarix yazıblar. Bu uğurun davamı olaraq bir neçə gün öncə Bakıda keçirilən yeniyetmələrin Dünya çempionatında güləşçilərimiz ümumilikdə 19 medal qazanıblar ki, bunlardan 9-nun əyarı qızıl, 5-i gümüş və 5-i bürünc olub. Dünya çempionatında yunan-Roma yığmamız komanda hesabında bütün digər komandaları geridə qoyaraq 1-ci yeri tutub.
Əldə edilən bu yüksək nailiyyətlər Azərbaycan güləşində yeni idmançı nəslinin yetişdiyini və güləşimizin sabahının etibarlı əllərdə olmasını bir daha sübut edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB