Slavço Georgiyevski: "Etiraf edim ki, bu vəziyyət məni müsbət mənada təəccübləndirdi" MÜSAHİBƏ

Slavço Georgiyevski: "Etiraf edim ki, bu vəziyyət məni müsbət mənada təəccübləndirdi" MÜSAHİBƏ

"İnter"in makedoniyalı yarımmüdafiəçisi Slavço Georgiyevski müsahibə verib. Siasport.az saytı futbolçunun müsahibəsini nəzərinizə çatdırır:

- "Turan"la matçda "İnter"ə yalnız qələbə lazım idi. Görüş kifayət qədər mürəkkəb alındı. Bununla belə, komanda 3 xalı qazanmağa müyəssər oldu.

- Bizdə müəyyən gərginlik vardı, axı ilk matçlarda komandaya qələbə qazanmaq müyəssər olmamışdı. Bəli, biz inamla oynadıq, qol vəziyyətləri yaratdıq, ancaq onlardan istifadə edə bilmirdik. Bizə qalib gəlmək və nümayiş etdirmək lazım idi ki, yerimiz turnir cədvəlində aşağıda yox, yuxarıdadır. Məhz buna görə "Turan"la matçda müəyyən çətinliklərlə qarşılaşdıq, lakin ən əsası odur ki, başlıca tapşırığı yerinə yetirə və 3 xalı ələ edə bildik.

- Bu qarşılaşmada çempionat çərçivəsində "İnter"in heyətində ilk qolunuza imza atdınız və bu qol komandaya qələbə qazandırdı.

- Bəli, çox xoşdur ki, komandama kömək etmək mümkün oldu. Bir də ona görə xoşdur ki, mənim qolum qələbə qazandırdı və komandaya ilk 3 xalı gətirdi. Ümid edirəm ki, bu qol mənim üçün sonuncu olmayacaq. Yenə də qol vurmaq istəyirəm, "İnter"in daha da irəliləməsini və çempionluq uğrunda mübarizə aparmasını istəyirəm.

- Siz artıq 2 aydan çoxdur "İnter"in heyətindəsiniz, bu müddət ərzində yeni iş yerinizə tam uyğunlaşmağa macal tapmısınız. Komandada hökm sürən atmosfer barədə nə deyə bilərsiniz və o sizdə hansı təəssüratı oyatdı?

- Deyə bilərəm ki, komanda daxilindəki atmosferdən çox razıyam. "İnter" və "Neftçi"ni müqayisə etmək istəmirəm, ancaq demək istəyirəm ki, burada hər şey yüksək səviyyədədir. "İnter"də iş peşəkar səviyyədə təşkil edilib, ayrıca baş məşqçi Kaxaber Tsxadadzeni qeyd etmək istərdim.

- Artıq 3 mövsümdür Azərbaycan çempionatında çıxış edirsiniz. Yerli klubların tərəqqi prosesini hiss edirsiniz? Çempionat güclənir?

- Düşünürəm ki, bu il çempionatda mübarizə daha da artacaq. Klublar tərəqqi edir və mənim nəzərimcə, çempionatda çempionluq uğrunda rəqabət bu mövsüm daha yüksək olacaq. Ötən mövsüm çempionluq uğrunda yalnız 3-4 klub mübarizə aparırdı, indisə yüksək yerlərə daha çox komanda iddia edə bilər. Mövsümlərarası dövrdə Azərbaycan klubları gücləndi və bizi çox maraqlı mübarizə gözləyir. Ümid edirəm ki, "İnter" potensialını tam biruzə verəcək və çempionluq titulunu əldə edəcək. Bunu bizdən baş məşqçi tələb edir və bunu oyunçular da istəyirlər.

- Hazırda "İnter"i Gürcüstanda təlim-məşq toplanışı gözləyir...

- Bu toplanış bizə kömək edəcək. "Turan"la oyundan sonra istirahət etmək üçün kifayət qədər vaxtımız oldu. İndi isə çalışmaq vaxtıdır. Əminəm ki, Gürcüstan toplanışı çempionatın sonrakı oyunlarında bizə komək edəcək.

- Siz uzun zaman Avropada çıxış etmisiniz və Makedoniya millisində oynamısınız. Bilmək istərdik, dostlarınız və komanda üzrə keçmiş yoldaşlarınız Azərbaycan və yeni komandanız "İnter"lə maraqlanırlar?

- Mən artıq qeyd etdim ki, "İnter"də bütün məsələlər yüksək səviyyədədir. Məndən soruşanlara da bunu deyirəm. Burada iş üçün hər bir şəraiti yaradırlar. Bunu mən ilk günlərdən müşahidə etdim. Etiraf edim ki, bu vəziyyət məni müsbət mənada təəccübləndirdi. "İnter"ə keçidim ərəfəsində mənə bu barədə məlumat vermişdilər, ancaq eşitmək və görmək ayrı-ayrı məsələlərdir. Buradakı şəraitdən razıyam. "İnter" avropasayağı fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə