Bu axşam planetdə ən maraqlı derbilərdən sayılan "Barselona" - "Real" duelində növbəti mübarizə olacaq.
Siasport.az saytı xəbər verir ki, bu komandalar İspaniya Superkuboku uğrunda görüşdə üz-üzə gələcəklər. Matç yerli vaxtla 21:30-da (Bakı vaxtilə saat 01:30-da) başlayacaq.
Fərq ondadır ki, keçənilki "El Klassiko"da "Barsa" çempion, "Real" kubokun qalibi idisə, bu dəfə vəziyyət əksinədir. Buna görə də Kataloniya təmsilçisi ötən mövsümdən fərqli, bu dəfə ilk oyununu evdə keçirəcək. Çünki çempion avqustun 29-da cavab matçını evdə keçirməklə bağlı üstünlük qazanır. "Barselona" ötən il səfərdə 2:2 hesablı bərabərliyə qalıb, evdə qələbə (3:2) sayəsində Superkuboka sahib çıxdı. Bununla da kataloniyalılar "Real"ın rekordunu təkrarladılar. Yəni "Barsa" "Kral klubu" kimi ardıcıl 3 dəfə İspaniya Superkubokunu başı üzərinə qaldırıb. "Real"ın portuqaliyalı baş məşqçisi Joze Mourinyo ötən mövsümkü məğlubiyyətin əvəzini ispaniyalı həmkarı Xosep Qvardioladan çıxa bilməyəcək. Çünki mövsüm bitəndən sonra Qvardiola öz istəyi ilə postundan getdi və onu köməkçisi Tito Vilanova əvəzlədi.
Mourinyonun isə bu çalışdırıcı ilə münasibətləri yaxşı deyil. Özü də maraqlıdır ki, çılğın portuqaliyalının Vilanova ilə insidenti məhz avqustda "Nou Kamp"da keçirilən Superkubokda olub. Onda cavab oyununun sonunda meydanda düşən qarışıqlıqda fəal iştirak edən Mourinyo əzəli rəqibdən aldığı növbəti məğlubiyyətdən hirslənərək, barmağını Vilanovanın gözünə soxmuşdu.
İspaniya Superkuboku
İlk oyun
01:30. "Barselona" – "Real"
Barselona. "Nou Kamp" stadionu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB