Asif Əsgərov: "Nəhayət, intizarımızın sonu gəldi və ümidlərimiz gerçək oldu"
"Olimpiada zamanı biz həyacan və intizarla dolu günlər yaşadıq". Bu sözləri Siasport.az saytına eksklüziv açıqlamasında Səbail rayon İcra hakimiyyətinin başçısı, Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidenti, elmlər namizədi, idman ustası, Əməkdar məşqçi, Respublika dərəcəli hakim Asif Əsgərov deyib. O, olimpiadada idmançılarımızın göstərdiyi uğurlar barədə danışıb: "Ölkəmizin müstəqillik qazandığı dövrdən olimpiya oyunlarında idmançılarımızın qazandığı yüksək nəticələr xalqımızı sevindirir. Təmsilçilərimiz hər dəfə əvvəlki yarışa nisbətən daha çox mükafat qazanırlar.
Azərbaycan idmanının tarixində ilk dəfə olaraq, bu olimpiadada lisenziya turnirlərində müvəffəqiyyət qazanmış 53 idmançımız iştirak etdi və onlar uğurla çıxış edərək 10 medal qazandılar".
A.Əsgərov idmançılarımızın çıxışlarını həyəcanla izlədiklərini qeyd edib. O, Səbail rayonunun sakinlərinin hədsiz sevinc hissləri yaşadıqlarını bildirib: "İdman bayramının əvvəlində gənc ağırlıq qaldıranımız Valentin Xristov bu növdə ölkəmizə ilk olimpiya medalını qazandırdı. Daha sonra boksçularımız Teymur Məmmədov və Məhəmmədrəsul Məcidovun bürünc medallarına sevindik.
Dünya miqyaslı bu mötəbər idman yarışının hər gününü diqqətlə izləyərək, idmançılarımızın daha yüksək nailiyyətlər əldə etmələrini səbirsizliklə gözləyirdik. Nəhayət, intizarımızın sonu gəldi və ümidlərimiz gerçək oldu. Yunan-Roma və sərbəst güləşçilərimizin olimpiadada uğurlu çıxışları, ilk növbədə isə Toğrul Əsgərov və Şərif Şərifovun qızıl medalları bütün ölkə vətəndaşları kimi səbaillilərin də hədsiz sevincinə səbəb oldu. Digər güləşçilərimiz – ölkəmizə gümüş medal qazandıran Rövşən Bayramov və Mariya Stadniki, bürünc medalçılarımız – Emin Əhmədov, Yuliya Ratkeviç və Xetaq Qayzumovun da uğurlarını qeyd etmək lazımdır".
Səbail rayon İcra hakimiyyətinin başçısı bu uğurların hər bir azərbaycanlıda qürür və fəxarət hissi oyatdığını vurğulayıb: "XXX London Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının uğurlu çıxışı hər bir azərbaycanlıda qürur və fəxarət hissi doğurur. Bu münasibətlə idmançılarımızı, onların məşqçilərini, bütün idman ictimaiyyətini ürəkdən təbrik edir, Azərbaycan idmanının inkişaf və tərəqqisi istiqamətində görülən işlərdə yeni-yeni uğurlar arzulayıram".
O, bu uğurların Azərbaycanda idmana olan dövlət qayğısının nəticəsində əldə olduğunu qeyd edib: "Son illərdə Azərbaycan idmanının inkişafı, idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlər hamımızda böyük qürür hissi doğurur. Həmin nailiyyətlər ilk növbədə Dövlətimizin başçısı və Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin Azərbaycan idmanına göstərdiyi diqqət və qayğının nəticəsində əldə olunub. Bu illərdə idman sahəsində görülən işlər, ölkəmizin müxtəlif bölgələrində Olimpiya İdman Komplekslərinin, yeni stadionların və idman qurğularının istifadəyə verilməsi, yenilərinin inşası, idmançılara yaradılan şərait, o cümlədən bu ilin "İdman ili" elan olunması bu sahənin daha uğurlu gələcəyinə zəmin yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB