10-cu olimpiada medalı Xetaq Qazyumovdan gəldi

10-cu olimpiada medalı Xetaq Qazyumovdan gəldi

Böyük Britaniyanın paytaxtı Londonda XXX Yay Olimpiya Oyunları davam edir. Siasport.az saytının məlumatına görə, 1/8 final mərhələsində belaruslu Ruslan Şeyxovu yarışdan kənarlaşdıran sərbəst güləşçimiz Xetaq Qazyumov (96 kq) 1/4 finalda Valeri Andritsevə (Ukrayna) məğlub olub. Ukraynalı güləşçinin finala yüksəlməsi və iranlı idmançının zədələnməsi X.Qazyumovun birbaşa bürünc medal uğrunda mübarizə aparması ilə nəticələnib.

3-cü yer uğrunda görüşdə güləşçimiz Tacikistan idmançısı Rüstəm İsgəndəriyə qalib gələrək, London Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

66 kq çəki dərəcəsində çıxış edən Cəbrayıl Həsənov isə ilk rəqibi - Bolqarıstan təmsilçisi Leonid Bazanı məğlub etdikdən sonra, 1/4 final mərhələsində Belarus güləşçisi Əli Şabanovdan da üstün olub. O, yarımfinalda yaponiyalı Tatsuhiro Yonemitsuya məğlub olub və finala çıxa bilməyib.

İdmançımız bürünc medal uğrunda mübarizəni davam etdirib və bu yolda kubalı Livan Lopesə məğlub olub. Cəbrayıl olimpiadanı medalsız başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə