Yunis Hüseynov: “Oyunu böyükhesablı qələbə ilə bitirmək də olar ”

Yunis Hüseynov: “Oyunu böyükhesablı qələbə ilə bitirmək də olar ”

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk qarşılaşmasında "Xəzər Lənkəran" - "Lex Poznan" (Polşa) oyunu keçiriləcək. Siasport.az saytının klubun rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, oyun öncəsi təşkil olunmuş mətbuat konfransında Lənkəran təmsilçisinin baş məşqçisi Yunis Hüseynov mətbuat nümayəndələrinin suallarını cavablandıraraq, oyuna münasibətini bildirib.

Baş məşqçi hazırlıq üçün komandanın sərəncamında olan vaxtın qənaətbəxş olduğunu bildirib: "Nəzərə alsaq ki, biz cavab oyunumuzu digər komandalarla müqayisədə iki gün əvvəl keçirdik, vaxt baxımından narazılıq yoxdur. Futbolçular bu müddət ərzində lazım olan səviyyədə hazırlıq keçə bildilər və inanıram ki, qarşıdakı oyuna onlar tam hazır olacaqlar".

Yunis Hüseynov rəqib komandanın oyunlarını izlədiyini və analiz etdiyini söyləyib: "Lex" Avropada kifayət qədər tanınmış komandadır. Bilirik ki, onlar bizim matçlarımızı izləyiblər. Biz də onların oyunlarını təhlil etmişik, zəif və güclü nöqtələri haqqında da məlumatımız var. Hansı taktika ilə oynayacağımızı isə bu gün saat 8-də görə biləcəksiniz. İstənilən məşqçini qane edən nəticə qələbədir. Sözsüz ki, biz də qələbə haqqında düşünürük. Əlbəttə, ilk oyunda evdə qol buraxmamaq bizə çox kömək olar. Amma bu futboldur, bir qol buraxıb, amma oyunu böyükhesablı qələbə ilə bitirmək də olar".

Baş məşqçi bir daha komandasının bu mərhələni keçmək iqtidarında olduğunu deyib: "Komandaya inamım böyükdür. Düşünürəm ki, bu mərhələni adlamaq üçün yetəcək qədər gücümüz var".

Yeni futbolçularla bağlı suallara cavab olaraq mütəxəssis bunları bildirib: "Klub rəhbərliyi ciddi olaraq bu işlə məşğul olub. Üç futbolçunun komandaya keçidi nəzərdə tutulmuşdu. Lakin son anda müxtəlif səbəblərdən razılıq əldə etmək mümkün olmadı. Bununla belə bu istiqamətdə iş davam etdirilir və hətta bu gün də proses gedir. Komandamızın müxtəlif mövqelərdə güclənməyə ehtiyacı var".

Hüseynov start heyətini hələ konkretləşdirmədiyini ifadə edib: "Son oyunla müqayisədə heyətin dəyişilib-dəyişilməyəcəyi hələ dəqiq deyil. Bunu oyuna bir neçə saat qalmış müəyyən edəcəyik".

Xatırladaq ki, qarşılaşmaya bu gün saat 20:00-da start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə